REGİONLAR


Sağlamlığının qədrini və damaq dadını bilənlər su dəyirmanında üyüdülmüş undan istifadə edirlər FOTO VİDEO

Füzuli, 1 iyul, Tahir Ağaməmmədov, AZƏRTAC

Tarixən taxılçılığın inkişaf etdiyi Azərbaycanda dən üyütmək üçün su dəyirmanlarından geniş istifadə edilib. Su dəyirmanları əsrlər boyu xalqımızın məişətində özünəməxsus rol oynayıb. XX əsrdə elektriklə işləyən dəyirmanların yaranması su dəyirmanlarının sıradan çıxmasına və unudulmasına səbəb olub. Lakin ölkəmizdə bu gün də fəaliyyət göstərən su dəyirmanlarına rast gəlmək olur. Belə dəyirmanlardan biri də Füzuli rayonunun Aşağı Yağlıvənd kəndindədir.

Dəyirmanın sahibi Seyran Əliyev AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, su dəyirmanı 1938-ci ildə onun babası tərəfindən tikilib. Babası dünyasını dəyişdikdən sonra onun işini atası davam etdirib. Seyran Əliyev hazırda ata-babasından yadigar qalmış dəyirmanı işlətməklə həm də xalqımızın qədim adət-ənənələrini davam etdirir.

Dəyirmançı deyib ki, dəyirman ora gələn suyun səviyyəsindən aşağıda tikilib. Dəyirman enerji sərfiyyatı olmadan, sadəcə su vasitəsilə işləyir. Yuxarıdan tökülən su pərli çarxı, çarx isə dən üyüdən daşları hərəkətə gətirir. Suyun gurluğundan asılı olaraq sutkada 250-300 kiloqram dən üyütmək olur. Uzun müddət dən üyüdüldükdə daşların çopurları yeyildiyi üçün vaxtaşırı onları çıxarıb dəmir çəkiclə “dişək” vurmaq lazımdır.

Dəyirmançı xalq arasında işlədilən “Dəyirman öz bildiyin edər, çax-çax baş ağrıdar” zərb-məsəlinə də aydınlıq gətirib: “Dəyirmanda dənin daşın boğazına tökülməsini çax-çax tənzimləyir. Dəyirmanın üst daşı hərəkət etdikcə çax-çaxı da tərpədir və dənin daşın boğazına tökülməsini təmin edir. Bu proses səsli-küylü olduğu üçün “Çax-çax baş ağrıdar” sözü buradan yaranıb”.

Seyran Əliyev bildirib ki, təbii, kəpəkli qara una tələbat getdikcə çoxalmaqdadır. “Müasir dəyirmanlarda dənin qabığı alınmaqla nişasta hissəsi una çevrilir. Su dəyirmanında isə taxıl bütöv üyüdülür, un və kəpək bir yerdə olur. Bundan başqa su dəyirmanında buğdanı üyüdərkən un yanmır, keyfiyyətli olur. Su dəyirmanının unundan bişirilmiş çörəyin dadı da gözəl olur. Odur ki, sağlamlığının qədrini və damaq dadını bilənlər su dəyirmanlarında üyüdülmüş undan istifadə edirlər. Dəyirmana ən çox şəkərli diabetdən, həzm sistemi və qan təzyiqindən əziyyət çəkənlər müraciət edirlər. Füzuli rayonu ilə yanaşı, Beyləqan və İmişli rayonlarının sakinləri də dəyirmanda un üyüdürlər.

Qayıdış qəsəbəsindən dən buğda üyütmək üçün gəlmiş Zülfəli Əliyev uzun ildir su dəyirmanında üyüdülən undan istifadə etdiklərini deyib: “Su dəyirmanının unundan bişirilən çörək daha dadlı olur. Eyni zamanda sağlamlıq üçün faydalıdır. Odur ki, biz daim bu dəyirmanın unundan istifadə edirik”.

Digər sakin Xuraman Pənahova isə deyib: “Çörəyi təndirdə bişiririk. Su dəyirmanında üyüdülən unudan bişirilən çörəyin dadı da, ətri də gözəl olur. Vaxtilə təndirdə bişən çörəyin ətri kəndin yarısına yayılırdı. Bu su dəyirmanının unundan bişirilən çörəyin ətri də elədir. Odur ki, hər dəfə bişirdiyim çörəklərdən qonşularıma da pay verirəm”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.