CƏMİYYƏT
Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin bir qrup gənci Antalyada festivalda iştirak edib
Bakı, 14 may, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 nömrəli Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzindən 6 nəfər gənc “Əlilliyi olan şəxslər həftəsi” çərçivəsində Türkiyənin Antalya şəhərində keçirilən musiqili teatr festivalında çıxış ediblər.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin gənclərin festivalda iştirakına şərait yaradılması “Azərbaycandan və Türkiyədən olan sağlamlıq imkanları məhdud gənclərin mübadilə Proqramı”na əsasən “Xoşbəxtlik emalatxanası” layihəsi çərçivəsində təmin olunub. Proqrama uyğun olaraq, onların 15 gün qardaş ölkədə sağlamlıq imkanları məhdud gənclərin reabilitasiyası üzrə mərkəzlərdə olaraq müxtəlif peşə hazırlığı kurslarında iştirak etməsi nəzərdə tutulub.
Səfər zamanı musiqili teatr festivalında iştirak edən gənclərin təqdim etdikləri musiqi və teatr səhnəcikləri tamaşaçıların marağına səbəb olub.
Fondun 1 nömrəli Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində indiyədək 1400 nəfərdən çox gənc peşə hazırlığı kurslarına qəbul edilib. Həmin kurslarda müxtəlif peşələrə yiyələnən gənclər ayrı-ayrı incəsənət növləri üzrə dərnəklərə cəlb edilərək müvafiq bacarıqlara sahib olurlar.