REGİONLAR


“Sağlamlıq Xəmsəsi” layihəsi çərçivəsində Füzuli Rayon Mərkəzi Xəstəxanasında görüş keçirilib VİDEO

Füzuli, 11 iyun, Aydın Yavərzadə, AZƏRTAC

İyunun 11-də Dünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri Füzuli rayonuna səfər ediblər. Səfər çərçivəsində Mərkəzi Xəstəxanada tibb işçiləri ilə görüş keçirilib, xəstəxanaya lazımi avadanlıqlar və dərman preparatları verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dünya Səhiyyə Təşkilatı BMT-nin Fövqəladə Hallara qarşı Cavab Tədbirləri üzrə Mərkəzi Fondunun maliyyə dəstəyi ilə münaqişənin təsirinə məruz qalan beş rayonda zəruri səhiyyə xidmətlərinə əlçatanlığı artırmaq üçün “Sağlamlıq Xəmsəsi” layihəsi üzrə işləri davam etdirir. Layihə çərçivəsində növbəti tədbir Füzuli Rayon Mərkəzi Xəstəxanasında keçirilib.

Qonaqlara xəstəxanada yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə müasir standartlara uyğun inşa edilən tibb ocağı müharibə dövründə də uğurla fəaliyyət göstərib.

Dünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı çıxışında qeyd edib ki, layihə Füzuli, Ağcabədi, Ağdam, Bərdə və Tərtər rayonlarını əhatə edir. Məqsəd təxminən 650 min əhalisi olan bu bölgədə müharibənin və COVID 19-un təsirini səhiyyə üzərində minimuma endirmək və psixo-sosial dəstək verməkdir. Həmçinin ucqar bölgələrdə səhiyyə xidmətlərinə əlçatanlığı artırmaq əsas şərtlərdən biridir.

Bundan başqa, layihə əsasında psixoloq və tibbi səyyar qruplar cəlb edilərək, əhaliyə psixi sağlamlıq və psixo-sosial dəstək verməklə əlçatanlıq təmin olunur. Ağdam, Bərdə, Tərtər, Ağcabədi və Füzuli rayonlarının 25 məntəqəsində 5 tibbi səyyar komanda vasitəsilə zəruri səhiyyə xidmətləri göstərilir. Həmçinin yerli tibb işçilərinin bilik və bacarıqları təlimlər vasitəsilə artırılır.

TƏBİB-in baş mütəxəssisi Ramin Burcəliyev isə bildirib ki, layihənin müharibədən ən çox əziyyət çəkən beş rayonu əhatə etməsi mühüm əhəmiyyət daşıyır. Rayonların ucqar yaşayış məntəqələrində əhali bu xidmətlərdən faydalana bilirlər. Onlar müayinə və müalicə olunur, eyni zamanda, bir çox dərman preparatları ilə təmin edilirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.