REGİONLAR
Sağlamlıq imkanı məhdud insanlara qayğı insanlıq və mənəvi borcumuzdur
Balakən, 3 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
Azərbaycanda sağlamlıq imkanı məhdud insanlar dövlətimiz tərəfindən hərtərəfli qayğı ilə əhatə olunublar. Ölkəmizdə əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası, sosial müdafiəsinin gücləndirilməsi, həyat şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin olunması istiqamətində davamlı iş aparılır, dövlət proqramları icra olunur. Əlilliyi olan şəxslərin maddi təminatının gücləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri hesab olunur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Beynəlxalq Əlilliyi olan Şəxslər Günü münasibətilə dekabrın 3-də Balakən şəhərində keçirilən tədbirdə səsləndirilib.
Tədbirdə vurğulanıb ki, ölkəmizdə yaşayan əlil insanların sosial müdafiəsinin gücləndirilməsi dövlətimizin başçısının daim diqqət mərkəzindədir. Respublikanın hər yerində olduğu kimi, Balakən rayonunda da əlillərin cəmiyyətə inteqrasiyası, sağlamlıqlarının bərpası, yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Əlillərə qayğı hər kəsin insanlıq və mənəvi borcudur.
Bildirilib ki, hazırda rayonda 7 min nəfərədək sağlamlıq imkanı məhdud şəxs yaşayır. Onlardan 113 nəfəri ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə öz sağlamlığını itirib.
Tədbirdə çıxış edən sağlamlıq imkanı məhdud şəxslər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Tədbir konsert proqramı ilə davam edib.