REGİONLAR
Sağlamlıq imkanı məhdud qadınların toxuduğu yun jiletlər əsgərlərə təhvil verilib
Naxçıvan, 24 fevral, AZƏRTAC
Muxtar respublikada məhdud fiziki imkanlı şəxslər tərəfindən toxunulan isti qış geyimləri hərbi hissəyə təhvil verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bununla əlaqədar keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev sağlamlıq imkanları məhdud şəxslərə göstərilən qayğıdan bəhs edib. Bildirib ki, ötən il ərzində 30-u sağlamlıq imkanları məhdud şəxs olmaqla, ümumilikdə 224 nəfər sosialyönümlü ictimai işlərə cəlb olunub. Sağlamlıq imkanları məhdud qadınlar tərəfindən toxunmuş 4100 cüt corab, 2900 yun boyunluq və 920 yun şərf artıq hərbi hissələrə təqdim edilib. Bu dəfə toxunan 700 yun jilet əsgərlərimizə təhvil verilir.
Əlahiddə Ümumqoşun Ordunun zabiti Rəhim Cəfərov bildirib ki, Naxçıvanda yerləşən ordu, birləşmə və hissələr hərtərəfli qayğı ilə əhatə olunub. Dövlət qayğısından və xalq-ordu birliyindən ruhlanan hərbi qulluqçularımız yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdirlər. Bu gün əsgərlərə isti qış geyimlərinin təqdim edilməsi də növbəti qayğının ifadəsi, xalq-ordu birliyinin təcəssümüdür.
Tədbirdə hərbi qulluqçular göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.
Sonda yun jiletlər hərbi hissəyə təhvil verilib.