CƏMİYYƏT
Sağlamlıq imkanları məhdud 24 uşaq Türkiyəyə müalicəyə göndərilib
Bakı, 3 avqust, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən sağlamlıq imkanları məhdud 24 uşaq valideynlərindən birinin müşayiəti ilə Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyə Respublikasına ixtisaslaşmış bərpa müalicəsinə yola salınıb.
Bu barədə AZƏRTAC-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, uşaqların valideynləri ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, habelə tibbi-sosial reabilitasiyası istiqamətində həyata keçirilən tədbirlərdən razılıq ediblər. Onlar övladlarının xaricdə müalicəsinin təşkilinə göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
ƏƏSMN-in əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev bildirib ki, göndərilən uşaqlar Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzində fizioterapevtik müalicə kursu keçəcəklər. Şöbə müdiri deyib ki, həmin mərkəz əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi reabilitasiyası üzrə ixtisaslaşmış müəssisədir. Göndərilən uşaqlar və onların valideynləri də həmin mərkəzdə beşulduz oteldə yerləşdiriləcək və uşaqlara qabaqcıl fizioterapevtik müalicə metodları əsasında reabilitasiya xidmətləri göstəriləcək. Uşaqların valideynləri də reabilitasiya tədbirlərinə cəlb olunacaqlar. S.Abdullayev diqqətə çatdırıb ki, cari ilin ötən dövründə nazirlik tərəfindən artıq bu təbəqədən olan 128 nəfər xaricə ixtisaslaşmış bərpa müalicəsinə göndərilib.