CƏMİYYƏT


Sağlamlıq imkanları məhdud gənclər konfransın açılışında teatr etüdü ilə çıxış ediblər

Bakı, 6 noyabr, AZƏRTAC

Azərbaycan Dövlət Musiqili Teatrında keçirilən “V Bakı Beynəlxalq Teatr Konfransı”nın rəsmi açılış mərasimi əlilliyi olan şəxslərin iştirakı ilə hazırlanmış tamaşa ilə başlayıb. Tamaşada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 nömrəli Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinin gəncləri teatr etüdü ilə çıxış ediblər.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, “British Council” və YARAT müasir incəsənət mərkəzinin birgə layihəsi çərçivəsində hazırlanan etüd konfrans iştirakçıları, o cümlədən xarici qonaqlar - dünyanın aparıcı teatr təşkilatlarının rəhbərləri, tanınmış teatr tədqiqatçıları və mütəxəssisləri tərəfindən maraqla qarşılanıb.

Sağlamlıq imkanları məhdud gənclər peşə reabilitasiyasına cəlb olunmaqla yanaşı Mərkəzdə müxtəlif peşələrə, o cümlədən ayrı-ayrı tətbiqi sənət növlərində bacarıqlara yiyələnirlər. Onların cəmiyyətə fəal inteqrasiyası məqsədilə digər istiqamətlərdə də tədbirlər təşkil olunur, həmin gənclərin incəsənətin müxtəlif növlərində yaradıcılıq potensialları da dəstəklənir.

“V Beynəlxalq Bakı Teatr Konfransı”nın rəsmi açılış mərasimində sağlamlıq imkanları məhdud gənclərə iştirak imkanının yaradılması da bu məqsədə xidmət edir.

Bu il Peşə Reabilitasiya Mərkəzinə 181 nəfər, istifadəyə verildiyi 2013-cü ilin dekabrından bəri isə 1530 nəfər gənc qəbul olunub. Hazırda Mərkəzdə 100-dən çox gənc peşə təlimi keçir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.