CƏMİYYƏT


Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə 1650-dək gənc qəbul edilib

Bakı, 2 fevral, AZƏRTAC

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 nömrəli Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində 100-dən çox gənc peşə təlimi hazırlığı keçir.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, Prezident İlham Əliyevin müvafiq tapşırığı əsasında yaradılan mərkəzdə kompüter istifadəçisi və kompüter dizayneri, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq, rəssamlıq, tikiş, toxuma, aşpaz köməkçisi, xalçaçılıq və s. peşələr üzrə təlim kursları təşkil olunur. Müəssisədə olduqları təlim müddətində gənclər burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin edilirlər. Ölkəmizin bütün bölgələrindən kurslara cəlb olunan sağlamlıq imkanları məhdud gənclər kursları bitirdikdən sonra onlara peşə sertifikatları verilir və yiyələndikləri peşələr üzrə məşğulluğunun təminatı üçün işlər aparılır.

Mərkəzdə xüsusi təlim məşğələləri, tanınmış mütəxəssislərin iştirakı ilə təşkil edilən treninqlər, ustad dərsləri şəraitində gənclərin müxtəlif tətbiqi sənət növləri üzrə bacarıqları təkmilləşdirilir. Gənclərin əl işlərindən ibarət müxtəlif yaradıcılıq sərgiləri, mədəni-kütləvi tədbirlərdə iştirakı təşkil edilir. Onların sosial reabilitasiyası, sağlamlıq imkanları məhdud gənclərdə özünə, öz bacarığına güclü inam hissinin formalaşması, yaradıcılıq nümunələrinin cəmiyyətə tanıdılması istiqamətində işlər aparılır. Eyni zamanda, 2018-ci ilin noyabrında nazirliyin Azərbaycan və ingilis dillərində nəşr etdirdiyi 278 səhifəlik “Əlillik qüsur deyil” kitab-albomunda mərkəzin yetirmələrindən 50-dən artıq istedadlı gənc haqqında məlumat və onların yaradıcılıq nümunələri əksini tapıb.

İndiyədək ölkəmizin bütün bölgələri üzrə 1650-dək gənc mərkəzə peşə hazırlığı kurslarına cəlb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.