REGİONLAR


Sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyasında idman əhəmiyyətli rol oynayır

Şərur, 26 oktyabr, AZƏRTAC

Muxtar respublikada idmanın inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilir. “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər bu sahədə yüksək nəticələrin əldə olunmasına mühüm töhfəsini verir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Şərur rayonunda bədən tərbiyəsi və idmanın sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyasındakı roluna dair keçirilən maarifləndirici tədbirdə bu fikirləri Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Taleh İbrahimov bildirib.

Muxtar respublikanın Paralimpiya Federasiyasının sədr müavini Vüqar Məmmədov çıxışında qeyd edib ki, fiziki imkanları məhdud şəxslərin sağlamlıqlarının möhkəmləndirilməsi, onların cəmiyyətə inteqrasiyası baxımından idman mühüm əhəmiyyət daşıyır. Bu baxımdan əlilliyi olan şəxslərlə bağlı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi, onların, habelə sağlamlıq imkanları məhdud uşaqların idmana, paralimpiya idman növlərinə cəlbi diqqət mərkəzində saxlanılır. Vüqar Məmmədov federasiya tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərdən və qarşıya qoyulan vəzifələrdən bəhs edib.

Paralimiya idman növlərindən biri olan boccia üzrə məşqçi-müəllim Zaur Hüseynov və stolüstü tennis üzrə paralimpiyaçı Pünhan Səfərov idmanın müvafiq kateqoriyalı şəxslərin həyatındakı əhəmiyyətindən danışıb, bu sahədəki təcrübələrini tədbir iştirakçıları ilə bölüşüblər. Maarifləndirici görüşdə sözügedən mövzuya dair slaydlar və videoçarxlar nümayiş etdirilib, müzakirələr, izahedici söhbətlər aparılıb.

Həmin gün Paralimpiya Federasiyanın Şərur rayonunda ağırlıqqaldırma üzrə yeni bölməsinin təqdimatı keçirilib, burada yaradılan şəraitlə bağlı tədbir iştirakçılarına məlumat verilib. Daha sonra görüş iştirakçıları federasiyanın Şərur rayonunda yerləşən stolüstü tennis bölməsi ilə də tanış olublar.

Qeyd edək ki, tədbirdə müvafiq kateqoriyadan olan 110 şəxs və paralimpiyaçı idmançı iştirak edib. Bu kimi maarifləndirici görüşlərin muxtar respublikanın digər şəhər və rayonlarında da keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.