ELM VƏ TƏHSİL
Sağlamlıq imkanları məhdud şəxslərin təhsilinə göstərilən qayğı humanist münasibətin bariz nümunəsidir
Bakı, 13 may, AZƏRTAC
Sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu digər şəxslərlə bərabər səviyyədə təmin etmək və onlar üçün müvafiq sahədə maneəsiz mühit yaratmaq istiqamətində ölkəmizdə davamlı olaraq tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyev bu il mayın 3-də I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən ali təhsil müəssisələrində bakalavriat və magistratura (əsas (baza ali) tibb təhsili və rezidentura) təhsil səviyyələrində, AMEA-nın magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019/2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Statistikaya görə, hazırda respublikamızın ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində, eləcə də orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təqribən 2500 nəfər əlilliyi olan şəxs təhsil alır. Həmin tələbələrin illik təhsil haqqı xərclərinin ödənilməsi üçün orta hesabla 4 milyon manat vəsait tələb olunur.
Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekanı, pedaqogika üzrə elmlər doktoru Şəhla Əliyeva məlumat verib. O qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı sağlamlıq imkanları məhdud gənclər üçün təhsilin əlçatanlığını təmin etmək və onların təhsilalma imkanlarını genişləndirmək baxımından böyük əhəmiyyət kəsb edir. Sərəncamda qeyd edilənlər Azərbaycan Dövlət Pedaqoji Universitetində, o cümlədən məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərə, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara da şamil ediləcək. “Fakültəmizdə korreksiyaedici təlim ixtisası üzrə hazırda 302 tələbə təhsil alır. 100 illik tarixini qeyd edəcək qədim təhsil ocağı olan ADPU-da 1992-ci ildən etibarən bu sahə üzrə kadr hazırlığı aparılır. İxtisas kafedrasında yüksəksəviyyəli alim-pedaqoqlar və mütəxəssislər fəaliyyət göstərir. Məzunlarımız respublikanın xüsusi məktəblərində, xüsusi uşaq bağçalarında, reabilitasiya və psixoloji mərkəzlərdə, inklüziv məktəblərdə öz müqəddəs missiyalarını həyata keçirərək sağlamlıq imkanları məhdud uşaqların təhsil almasında səylə çalışırlar. Sözsüz ki, bu Sərəncam bütün ölkə ictimaiyyəti arasında olduğu kimi, bizim kollektivin də böyük rəğbətinə səbəb oldu. Sağlamlıq imkanları məhdud şəxslərə dövlət səviyyəsində göstərilən bu qayğı və diqqət humanist münasibətin bariz nümunəsidir. Azərbaycanda sağlamlıq imkanları məhdud gənclərin təhsil almasına şərait yaratdığına görə Prezident İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk”.
Şəhla Əliyeva qeyd edib ki, I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin dövlət vəsaiti hesabına ödənilməsi onların maddi rifahını daha da yaxşılaşdıracaq.