CƏMİYYƏT
Sağlamlıq imkanları məhdud tanınmış amerikalı müğənni-bəstəkar Toni Memmel öz qrupu ilə birgə ölkəmizdə səfərdə olub
Bakı, 13 aprel, AZƏRTAC
ABŞ-ın Azərbaycandakı səfirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Bakı Amerika Mərkəzinin birgə təşkilatçılığı ilə tanınmış amerikalı bəstəkar-müğənni, motivasiya spikeri Toni Memmel və onun rəhbərlik etdiyi qrupun ölkəmizdə sağlamlıq imkanları məhdud yaradıcı və istedadlı uşaq və gənclərlə görüşləri keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakıya səfəri çərçivəsində musiqiçi öz qrupu ilə birlikdə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Bakı Amerika Mərkəzində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində konsert proqramları ilə çıxış edib.
Onun Xaçmazda və Salyanda Uşaq-Gənclər İnkişaf mərkəzlərində də görüşləri olub. Amerikalı musiqiçinin keçirdiyi görüşlərin əsas məqsədi sağlamlıq imkanları məhdud yaradıcı və istedadlı uşaq və gənclərin ruhlandırılmasından və yaradıcılıq meyillərinin dəstəklənməsindən ibarətdir.
Konsert proqramları zamanı sağlamlıq imkanları məhdud istedadlı uşaq və gənclər T.Memmellə bərabər ifa edib, müxtəlif musiqi alətlərində çıxış edərək öz bacarıqlarını nümayiş etdiriblər.
T.Memmel Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində yaradılmış şəraitlə tanış olub, ölkəmizdə əlilliyi olan şəxslərin peşə-sosial reabilitasiyası üçün belə bir müasir mərkəzin yaradılmasının təqdirəlayiq olduğunu qeyd edib. Ona gənclərin əl işi kimi hazırlanmış skripka, həmçinin ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə mütəxəssisi Fərqani Əliyevə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Azərbaycan və ingilis dillərində nəşr etdirdiyi, əlilliyi olan şəxslərin yaradıcılıq nümunələri barədə fotoməlumatlarla zəngin “Əlillik qüsur deyil” kitab-albomu hədiyyə edilib.
T.Memmelin Azərbaycana ilk səfəri ABŞ Dövlət Departamentinin “İncəsənət Elçisi” Proqramının himayəsi ilə baş tutub.
Anadangəlmə dirsəkdən aşağı qolunun olmamasına baxmayaraq, T.Memmel musiqi alətində ifa etməyə kömək edə biləcək alət düzəldərək gitarada ifa etməyi öyrənib, Bon İver, Les Pol, Kori Çisel və Bo Dins kimi müğənni-bəstəkarlar sırasına qoşulub, bundan sonra “Associated Press”, “CNN”, “Boston Qlob”, “Milvauki Cournal Sentinel” və “Chicago Tribune” kimi mətbuat orqanları onun fəaliyyətini işıqlandırmağa başlayıblar.
O, davamlı şəkildə həyata keçirilən qastrollarda iştirakı nəticəsində ABŞ-ın 45 ştatı və 10 xarici ölkəyə səyahət edərək konsertlər verib. T.Memmel indiyə qədər 4 böyük və 2 kiçikhəcmli albom ərsəyə gətirib və musiqi yolu ilə mədəni əlaqələr qurmaq üçün məktəb, xəstəxana və uşaq evlərində çoxlu konsertlər verib.