REGİONLAR
Sağlamlıq imkanları məhdud uşaqlar Nizami Gəncəvinin əsərlərini səhnələşdiriblər
Naxçıvan, 18 may, AZƏRTAC
“Nizami Gəncəvi İli” çərçivəsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar Nizami Gəncəvinin müxtəlif əsərlərindən hazırladıqları səhnələri nümayiş etdiriblər.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, sağlamlıq imkanları məhdud uşaqların aktyorluq məharəti izləyənlərdə xoş ovqat yaradıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 15 mart tarixli Sərəncamı ilə təsdiq olunmuş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq bu gün muxtar respublikada müvafiq kateqoriyadan olan uşaqların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual inkişafı, asudə vaxtlarının düzgün təşkilinin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Xüsusilə, onların tibbi və sosial reabilitasiyası ilə bağlı tədbirlərin əhatə dairəsi genişlənməkdə davam edir. Həyata keçirilən tədbirlər bu kateqoriyadan olan uşaqların sosiallaşmasına, sağlam həyat tərzinə, təhsilə maraqlarının artmasına, bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə şərait yaradır.