CƏMİYYƏT
Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində bayram şənliyi təşkil edilib
Bakı, 14 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində xalqımızın əziz bayramlarından biri olan Novruzun gəlişi münasibətilə bayram şənliyi təşkil olunub.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev müəssisənin balaca sakinlərinə və xidməti heyətinə bayram təbriklərini və xoş arzularını çatdırıb. Qeyd olunub ki, hazırda nazirliyin sosial xidmət müəssisələrində 1087 nəfər şəxs daimi dövlət təminatında yaşayır. Onlardan 321 nəfəri sağlamlıq imkanları məhdud uşaqlardır və nazirliyin 1 və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində hərtərəfli dövlət qayğısı ilə əhatə ediliblər. Azərbaycan Prezidenti İlham Əliyevin sosial cəhətdən həssas əhali qruplarına diqqət və qayğısı sosial xidmət müəssisələrində yaşayan şəxsləri də əhatə edir. Onların sosial təminatı daim gücləndirilir. Həmçinin son illərdə sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şəraitin yaradılması üçün əsaslı təmir və yenidənqurma işləri aparılıb. Eyni zamanda, Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində görülən işlərdən biri kimi, sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb. Sosial xidmət müəssisələrində yaşayan şəxslərin doğma ailə mühitinə qayıtmaları yönündə aparılan işlərin davamı kimi, keçən il bu müəssisələrdən 42 nəfər şəxsin doğma ailə mühitinə qayıtmaları təmin olunub.
Tədbir iştirakçıları 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsindəki uşaqların əl işləri ilə tanış olublar. Əl işləri ilə fərqlənən uşaqlara təşəkkürnamə və hədiyyələr verilib. Bildirilib ki, müəssisədəki uşaqlardan bir çoxu burada fəaliyyət göstərən mini emalatxanada öz bacarıqları müqabilində və əmək müəllimlərinin təlimi əsasında müxtəlif növ (rəsm, tikmə, ağac üzərində oyma, sap və muncuqla toxuma və s.) əl işləri hazırlayırlar.
Bayram süfrəsi ətrafında keçən tədbirdə incəsənət ustalarının ifasında musiqili-əyləncəli proqram təqdim edilib, uşaqlara sevincli duyğular bəxş olunub. Müəssisədəki uşaqlardan bir qismi bədii yaradıcılığın müxtəlif növlərində ifalarını da təqdim edib, Novruza həsr olunmuş şeirlər söyləyiblər. Bayram şənliyi Novruz personajlarının yumoristik səhnəcikləri ilə davam edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin digər sosial xidmət müəssisələrində də Novruz bayramı münasibətilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.