CƏMİYYƏT
Sağlığında özünə əbədiyyət heykəli qoyan həkim-oftalmoloq
Bakı, 28 aprel, AZƏRTAC
Suraxanı rayonundakı 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC rayon icra hakimiyyətinin saytına istinadən xəbər verir ki, səhiyyə işçilərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Arif Məmmədov XX əsrin ikinci yarısında tibb elminə böyük töhfələr vermiş görkəmli alimlər sırasında Zərifə xanım Əliyevanın özünəməxsus yeri olduğunu söyləyib və qeyd edib ki, bütün elmi fəaliyyətini oftalmologiyaya həsr edən yorulmaz alimin apardığı tədqiqatlarının nəticələri, elmi irsi bu gün də öz əhəmiyyət və aktuallığını saxlamaqdadır.
24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Azər Məmmədov öz çıxışında həmkarları, yetirmələri, xəstələri arasında böyük hörmət və məhəbbət qazanan Zərifə xanım Əliyevanın həkim fədakarlığı, yüksək vətəndaşlıq mövqeyi, səmimiyyəti və insanlara qayğısı barədə danışıb.
Suraxanı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nazim Fətullayev, 15 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkimi Dürdanə Kənkərli, 24 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkimi Fatma Nuriyeva akademik Zərifə xanım Əliyevanın zəngin elmi fəaliyyəti, tibb sahəsində qazandığı uğurlar barədə danışaraq belə bir fikir ifadə ediblər ki, onun işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə xatırlanacaq və xalqımızın qəlbində əbədi yaşayacaqdır.