REGİONLAR


Şahbuz rayonunda quruculuq tədbirlərinin əhatə dairəsi genişləndirilib

Şahbuz, 10 yanvar, AZƏRTAC

Ötən il Şahbuz Şəhər Təmizləyici Qurğular Sistemi istifadəyə verilib. Şahbuz şəhərində Mədəniyyət Evinin və aviakassanın inzibati binalarında tikinti-abadlıq işləri başa çatıb. Tikintisi davam edən çoxmərtəbəli ictimai yaşayış binasında xeyli iş görülüb. Kükü, Kolanı, Aşağı Qışlaq, Sələsüz və Mahmudoba kəndlərində mərasim evlərinin tikintisi tamamlanıb. Yeni “Badamlı” mineral sular zavodunun tikintisində işlər davam etdirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Şahbuz rayonunda 2018-ci ilin yekunlarına həsr edilmiş müşavirədə rayon icra hakimiyyətinin başçısı Rəfael Babayev tərəfindən səsləndirilib.

Müşavirədə qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması haqqında” 2018-ci il 29 noyabr tarixli Sərəncamının icrası görülən işlərin davamlılığının təmin edilməsinə geniş imkanlar yaradıb. Belə ki, Ağbulaq kəndində dağ və xizək turizminin inkişafı üçün tədbirlər həyata keçirilib. Həmin yaşayış məntəqəsində bütün evlərin dam örtükləri dəyişdirilib, fasadları yenilənib, yararsız tikililər sökülüb, həyətlərdə abadlıq işləri aparılıb, lazımi kommunal-məişət şəraiti yaradılıb.

Rayonda quruculuq tədbirlərinin geniş vüsət alması daha çox investisiya qoyuluşuna səbəb olub. Belə ki, 2018-ci ildə bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya qoyuluşunun həcmi 27794,3 min manat təşkil edib. Tikinti-quraşdırma işlərinə sərf olunmuş investisiyaların həcmi 25441,1 min manat olub.

Qeyd edilib ki, ötən il 10570,7 min manatlıq sənaye məhsulu istehsal olunub. Rayonda aqrar sahənin inkişafına da ciddi önəm verilir. Ötən ilin məhsulu üçün 1615 hektarda taxıl əkilib. 2019-cu ilin məhsulu üçün isə 1411 hektarda payızlıq səpin aparılıb. Ümumilikdə, 2018-ci ildə rayon üzrə 44509,8 min manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.

İməciliklərdə 4,8 hektar sahədə 4862 meyvə, 1400 üzüm tingi əkilməklə yeni bağlar salınıb, 1,9 hektar sahəyə bərpa məqsədilə 1543 meyvə tingi, həmçinin Şahbuz-Batabat magistral avtomobil yolunun kənarlarına 365 həmişəyaşıl, 728 meşə ağaclarının tingi əkilib.

Bildirilib ki, rayоn əhalisinin еlеktrik еnеrjisinə оlan tələbatını yaхşılaşdırmaq məqsədilə müvafiq işlər görülüb, 2018-ci ildə 4763 abonentə xidmət göstərilib. Bir sıra yaşayış məntəqələrində qaz xətləri təmir olunub, 4656 abonentə xidmət göstərilməklə 7 evə, 1 sosial obyektə yeni xətt çəkilib.

Diqqətə çatdırılıb ki, rayonda digər sahələrdə də həyata keçirilən məqsədyönlü tədbirlər hesabına xeyli uğurlar qazanılıb.

Sonra məruzə ətrafında çıxışlar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.