REGİONLAR
Şahbuz rayonunda sığorta fəaliyyətinin təşkili müzakirə olunub
Şahbuz, 10 avqust, AZƏRTAC
Şahbuz rayonu üzrə bu ilin ötən 7 ayında, ümumilikdə, 1631 ədəd sığorta müqaviləsi bağlanılıb. Onlardan 417-si avtonəqliyyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, 713-ü daşınmaz əmlakın icbari sığortası, 501-i isə könüllü sığortalar üzrə olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Şahbuz Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin təşkili və qarşıda duran vəzifələr barədə keçirilən tədbirdə səsləndirilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Rəfael Babayev çıxış edərək, sığorta fəaliyyətinin əhəmiyyətindən danışıb.
Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov çıxışında qeyd edib ki, sığorta müxtəlif gözlənilməz hadisələr nəticəsində dəymiş maddi zərərlərin əvəzinin ödənilməsinə xidmət edir. Vətəndaşlar vaxtında öz daşınmaz əmlakını, avtonəqliyyat vasitələrini, mülki məsuliyyətini icbari qaydada sığortalamaqla baş verən gözlənilməz hadisələrdən dəymiş maddi zərərlərin ödənilməsinə təminat alırlar.
Hikmət Əsgərov bildirib ki, ötən müddətdə Şahbuz rayonunda da bu istiqamətdə müəyyən işlər görülüb. “Görülmüş işlərlə bərabər, bəzi icbari və könüllü sığorta növləri üzrə işlər günün tələbləri səviyyəsində aparılmayıb. Belə ki, rayonda hələ də bəzi icbari sığorta növləri üzrə sığorta olunmayan fiziki şəxslər vardır”, – deyən Hikmət Əsgərov vurğulayıb ki, Dövlət Baş Sığorta Agentliyi aidiyyəti qurumlarla birlikdə qanunvericiliyə uyğun olaraq icbari sığortaların həyata keçirilməsini təmin etməlidirlər.
Tədbirdə könüllü sığortaların, o cümlədən kənd təsərrüfatı sığortasının xüsusi əhəmiyyəti olduğu qeyd olunub, çıxışlar dinlənilib.