REGİONLAR


Şahbuz və Sədərək dini icmalarına cənazələrin daşınması üçün avtomobillər təqdim edilib

Naxçıvan, 17 iyun, AZƏRTAC

Naxçıvan şəhərindəki Sarvanlar məscidində Şahbuz və Sədərək dini icmalarına cənazələrin daşınması üçün avtomobillər, icma rəhbərlərinə və din xadimlərinə dövlət vəsaiti hesabına alınan yeni yay geyimləri təqdim edilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, təqdimat mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Maliyyə və Təsərrüfat şöbəsinin müdiri Novruz Novruzov dövlətimizin dini-mənəvi dəyərlərimizin qorunub yaşadılmasına qayğı göstərdiyini, dindarlar üçün hərtərəfli şəraitin yaradıldığını bildirib. Qeyd edilib ki, dindarlarımız ölkəmizdəki sabitliyin qorunmasına, İslam dininin olduğu kimi təbliğinə xüsusi diqqət yetirirlər. Birgə fəaliyyətin nəticəsidir ki, ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında dövlət-din münasibətləri qarşılıqlı anlaşma və hörmət əsasında qurulub.

Diqqətə çatdırılıb ki, bu gün Şahbuz və Sədərək dini icmalarına Ali Məclis Sədrinin tapşırığı ilə cənazələrin daşınması üçün avtomobillərin təqdim edilməsi də bu sahədə görülən işlərin bariz nümunəsidir. Qeyd edək ki, bundan öncə də digər rayon dini icmalarına cənazələrin daşınması üçün avtomobillər təqdim edilib.

Sonra avtomobillərin açarları dini icmalara təqdim olunub.

Din xadimlərinə yeni yay geyimlərinin təqdim edilməsi ilə bağlı çıxışında Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev bildirib ki, muxtar respublikada 214 məscid və 17 dini icma fəaliyyət göstərir. Bu gün muxtar respublikada yas mərasimlərində din xadimlərinin geyim formasında olmasına və həmin tədbirlərin yüksək səviyyədə aparılmasına ciddi nəzarət edilir.

Bildirilib ki, dövlətimiz tərəfindən məscidlərin, imamzadələrin, pirlərin, qədim və dini abidələrin bərpasına, yenidən qurulmasına və tikilməsinə diqqət göstərilir, rayon dini icmalarının fəaliyyəti yaxşılaşdırılır, din xadimlərinin əməkhaqları artırılır. Dini icmalara avtomobillərin, din xadimlərinə dövlət vəsaiti hesabına hər il yay və qış geyimlərinin verilməsi muxtar respublikada dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsinin, dövlətin dinə və dindarlara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Naxçıvan Muxtar Respublikası Qazısı yanında şuranın sədri Sahib Məmmədov din xadimlərinə göstərilən diqqət və qayğıya görə minnətdarlıq edərək deyib: “Biz də bu qayğının müqabilində islami dəyərlərimizi qoruyaraq dini mərasimlərin lazımınca təşkilinə diqqət edəcəyik. Eyni zamanda, islami maarifçilik və vətənpərvərliyin təbliği işini gücləndirəcəyik.

Sonda icma rəhbərlərinə və din xadimlərinə yay geyim formaları təqdim edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.