REGİONLAR
Şahbuzda Naxçıvanbankın yeni filialı üçün binanın tikintisi başa çatmaq üzrədir
Naxçıvan, 3 mart, AZƏRTAC
Şahbuz rayon mərkəzində “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin yeni filialı üçün binanın tikintisi başa çatmaq üzrədir. Hazırda burada son tamamlanma işləri aparılır.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, ümumilikdə, 465 kvadratmetr sahədə yerləşən bina iki mərtəbədən ibarətdir. Binanın birinci mərtəbəsində əməliyyat, xəzinə, server, saxlanc və gözətçi otaqları, müştəri zalı, qazanxana yerləşəcək. İkinci mərtəbə isə direktor və əlavə iş otaqları üçün nəzərdə tutulub.
Yeni filial əhalinin maliyyə resurslarına olan tələbatlarının yüksək səviyyədə ödənilməsinə şərait yaradacaq, burada biznes, kənd təsərrüfatı, ailə təsərrüfatı, istehlak və ipoteka kreditlərinin verilməsi, eyni zamanda, kassa əməliyyatları və pul köçürmələri kimi maliyyə əməliyyatları həyata keçiriləcək.
Xatırladaq ki, muxtar respublikada əhalinin əlverişli bank xidmətlərindən daha səmərəli yararlanması üçün 2008-ci ildən fəaliyyət göstərən “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin paytaxt Bakı və Naxçıvan şəhərlərində, o cümlədən Şərur, Culfa, Ordubad, Kəngərli rayonlarında filialları istifadəyə verilib.