CƏMİYYƏT
Şahdağ Milli Parkında "Təbiətin keşiyində" adlı növbəti ekoskaut düşərgəsi təşkil edilib
Bakı, 22 iyul, AZƏRTAC
IDEA İctimai Birliyi, Azərbaycan Skautlar Assosiasiyasının təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Şahdağ Milli Parkında "Təbiətin keşiyində" adlı növbəti ekoskaut düşərgəsi təşkil edilib.
Bu barədə AZƏRTAC-a İctimai Birlikdən bildirilib.
IDEA-nın ekoskaut proqramı çərçivəsində təşkil edilən düşərgələrin məqsədi gəncləri Azərbaycanın zəngin təbiəti, nəsli kəsilmək üzrə olan flora və fauna barədə məlumatlandırmaq, təbiəti qorumaq, onlara təbiətin bəxş etdiyi sərvətlərdən qənaətlə və düzgün istifadə etməyi, həmçinin gənclərə vəhşi təbiətdə düzgün davranışı, ətraf mühitə ziyan vermədən istirahəti təşviq etməkdir.
Düşərgəyə 18-25 yaş arası ekoloji təhsili və ya bu sahədə təcrübəsi olan, həmçinin ekoloji fəallığı ilə seçilən 100 nəfər gənc qoşulub.
Könüllü olaraq qoşulmuş gənclərin iştirakı ilə Şahdağ Milli Parkının ərazisində ekotur təşkil edilib. Gənclərə Şahdağ Milli Parkının yaradılmasında əsas məqsəd, əraziyə xas olan landşaft növləri, Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilən flora və fauna haqqında, həmçinin Fransa və Belçika zooparklarından Azərbaycana reintroduksiya edilmiş Qafqaz zubrları haqqında məlumat verilib.
Gənclər üçün üçgünlük düşərgə müddətində Azərbaycanın biomüxtəlifliyi və milli parkları mövzusunda təlim, o cümlədən təbiətdə olarkən çadırların qurulması, ilkin tibbi yardım, çölçülük üçün lazımi ləvazimatlar və təhlükəsiz geyimlər haqda seminar və praktik təlimlər, yarışlar və müsabiqələr keçirilib, həmçinin gənclər haykinq, maraqlı ekoloji mövzularda fikir mübadilələri, ətraf mühitlə bağlı oyunlarda iştirak ediblər.
Düşərgə zamanı iştirakçıların zəngin təbiəti və mənzərəsi ilə seçilən Qaranohur gölünə haykinqi təşkil edilib.
Düşərgənin sonunda iştirakçılara xatirə hədiyyələri və sertifikatlar təqdim edilib.
Qeyd edək ki, IDEA İctimai Birliyinin “Ekoskaut” layihəsinə 2017-ci ilin mart ayında start verilib. Layihənin məqsədi gəncləri təbiətin mühafizəsinə cəlb etmək, canlı aləmi dərindən öyrənməyə və qorumağa, eləcə də cəmiyyətdə faydalı ekoloji işlərlə məşğul olmağa sövq etməkdən ibarətdir. “Ekoskaut” layihəsi çərçivəsində ilk düşərgə isə ötən ilin may ayında Şirvan, daha sonra Ağgöl və Göygöl Milli parklarında keçirilib.
Ekoloji maarifləndirmə, insan fəaliyyəti nəticəsində təbiətə vurulan ziyanın azaldılması və tədricən aradan qaldırılması, təbiətə münasibətdə etik davranışın formalaşdırılmasına töhfə verməsi baxımından “Təbiətin keşiyində” ekoskaut düşərgələrinin ölkəmizin digər milli parklarında da keçirilməsi planlaşdırılır.