MƏDƏNİYYƏT
“Şahdağ” Qış-Yay Turizm Kompleksinin tikintisi başa çatdırılır
Bakı, 29 noyabr (AZƏRTAC). “Şahdag” Qış-Yay Turizm Kompleksi bir neçə aydan sonra ilk turistləri qəbul edəcəkdir. Artıq kanat yolun, xizək enişinin, lift bazalarının tikintisi başa çatır. Dördulduzlu otelin tikintisi də yekunlaşma üzrədir.
AZƏRTAC xəbər verir ki, “Şahdağ” Qış-Yay Turizm Kompleksinin tikintisində birinci mərhələ gələn ilin fevralında yekunlaşacaq və kompleks hələlik gündə təxminən 430 turist qəbul edə biləcəkdir. Birinci mərhələyə aid olan qaz, elektrik, su, rabitə və 25 kilometr uzunluğunda yolun çəkilişi artıq başa çatmışdır. Bu mərhələdə doqquz kanat yolunun çəkilməsi nəzərdə tutulmuşdur. Bu işlə böyük təcrübəsi olan Avstriya şirkəti məşğuldur. Turistlərin burada qalmaları üçün tikilən dördulduzlu mehmanxanada lyuks və yarımlyuks nömrələrdən əlavə, kafe, bar və restoranlar, SPA mərkəzi, müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı fəaliyyət göstərəcəkdir. Xizək sürməyi öyrənənlər təlim mərkəzlərinə müraciət edə biləcəklər. Bundan əlavə, lift bazasında da tibb mərkəzi, xizək məktəbi və xizək avadanlığının kirayəsi, kafe, restoranlar, barlar, inzibati və xidməti obyektlər, eləcə də kanat yollarına biletlərin satış məntəqəsi və yeraltı dayanacaq yerləşəcəkdir.
Kompleksin tikintisi 4 mərhələ üzrə aparılır. Növbəti mərhələlərdə 312 yerlik beşulduzlu, 276 yerlik üçulduzlu otellər, kotteclər, tennis, futbol və basketbol meydançaları, örtülü idman qurğuları, hovuzlar, əyləncə-oyun kompleksləri tikiləcəkdir. Həmçinin burada ticarət mərkəzləri, restoranlar, xidmət və iaşə obyektləri, avtomobillər üçün yerüstü və yeraltı dayanacaqlar fəaliyyət göstərəcəkdir. Bütövlükdə tikinti işlərinin 8-10 ilə başa çatdırılması nəzərdə tutulmuşdur. “Şahdağ” turizm kompleksi gündəlik 5 min turist qəbul etmək gücündə olacaqdır. Burada təxminən bu qədər insan da işlə təmin ediləcəkdir.