MƏDƏNİYYƏT
Şahdağ Qış-Yay Turizm kompleksində qış mövsümünün müddəti artırılmışdır VİDEO
Qusar, 2 aprel (AZƏRTAC, Elxan Yusifli). Qusardakı Şahdağ Qış- Yay Turizm kompleksində qış mövsümünə aprelin 6-da yekun vurulacaqdır.
AZƏRTAC xəbər verir ki, əvvəlcədən kompleksdə qış turizm mövsümünün mart ayının 30-da bitməsi nəzərdə tutulsa da, son günlər havaların qarlı-şaxtalı keçməsi müddətin uzadılmasına şərait yaratmışdır. İstirahət etmək istəyənlər bu həftənin son gününədək kompleksin imkanlarından 30 faiz güzəştli qiymətlərlə yararlana bilərlər.
Qış mövsümünə ötən il dekabrın 15-dən başlanan kompleksi bu müddətdə 60 mindən çox turist ziyarət etmişdir. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Kompleksdə may ayından yay mövsümünə başlanılacaqdır. Yay aylarında burada səmtləşmə, dəyənəklərlə gəzinti, peyntbol, seqvay, uşaq kvadrasikli, dağ velosipedi, zip-line, macəra parkı, at sürmək və digər xidmətlərdən yararlanmaq mümkün olacaqdır.