MƏDƏNİYYƏT


“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib

Bakı, 14 dekabr, AZƏRTAC

Dekabrın 14-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Şahdağ” Turizm Mərkəzində xizək mövsümünün açılışı ilə əlaqədar KİV nümayəndələri üçün press-tur təşkil olunub.

AZƏRTAC xəbər verir ki, press-tur çərçivəsində media nümayəndələri “Şahdağ” Turizm Mərkəzindəki otellər və digər turizm obyektləri ilə tanış olublar.

Media nümayəndələri yaradılan infrastruktur, turizm və xidmət obyektlərinin fəaliyyəti, gələcək planlar haqqında ətraflı məlumatlandırılıblar. Onlara press-tur çərçivəsində kompleksdə yerləşən iaşə obyektləri: 4 otel, xizək məktəbləri, mağazalar, restoran və kafelərin fəaliyyəti haqqında informasiya verilib.

Tur çərçivəsində keçirilən mətbuat konfransında mərkəzin rəhbəri Rodderix Leffler "Şahdağ" Turizm Mərkəzində görülən işlər haqqında məlumat verib. Bildirib ki, bu il "Şahdağ" Turizm Mərkəzinə gələn turistlərin sayında ötən illə müqayisədə 5 faizədək artımın olması gözlənilir. Qonaqların təhlükəsizliyi də mərkəzin prioritet məsələlərindəndir. Mövsümün açılışına hazırlıqla bağlı komanda intensiv təlimlər keçib. Kompleksin ərazisində 7 gün 24 saat ərzində fəaliyyət göstərən klinika var. Burada nəinki ilkin yardım göstərmək, hətta cərrahiyyə əməliyyatları aparmaq mümkündür. Qonaqların kompleksin ərazisində istifadə etmək üçün əldə etdikləri keçid kartları həm də onların sığortalanması deməkdir.

Qonaqların məmnunluğuna hər zaman diqqət yetirildiyini söyləyən Rodderix Leffler deyib: "Bunu nəzərə alaraq, qiymət strategiyasında optimallaşma həyata keçirmişik. Ötən illə müqayisədə bu il əyləncə xidmətlərində və restoranlarda qiymətlər 15 faiz endirilib".

Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun əməkdaşı Gülnar Mustafayeva turizmin inkişafı ilə əlaqədar görülən işlər barədə danışıb. Qeyd edib ki, ölkədə qış mövsümünün açılışı ilə əlaqədar təşkil olunan press-turun əsas məqsədi ictimaiyyəti “Şahdağ” Turizm Mərkəzinin fəaliyyəti, eləcə də mövsüm ərzində turistlərə göstəriləcək xidmətlər haqqında məlumatlandırmaqdır.

Qeyd edək ki, "Şahdağ" Turizm Mərkəzi öz adını Azərbaycanın Qusar şəhərinin 29 kilometrliyində yerləşən Böyük Qafqaz dağ silsiləsinin dəniz səviyyəsindən 4243 metr hündürlükdə olan Şahdağ zirvəsindən götürüb. Şahdağ Milli Parkının yaxınlığında salınan bu kompleksin tikintisi Azərbaycanda dağ xizək və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.