MƏDƏNİYYƏT
“Şahdağ” qış-yay turizm kompleksində süni qar qurğusu sınaqdan keçirilmişdir
Bakı, 18 fevral (AZƏRTAC). Qusarda inşa olunan “Şahdağ” qış-yay turizm kompleksində süni qar buraxan qurğular işə salınmışdır. Qurğular Qusarçaydan suyu alaraq onu qara çevirib, kompleks ərazisinə püskürür.
AZƏRTAC xəbər verir ki, süni qar üçzolaqlı yol üzərində xizəklə sürüşmək üçün lazımı şəraitin yaradılması məqsədi ilə buraxılır. Həmin zolaqlarda İtaliya istehsalı olan 69 ədəd süni qar buraxan qurğu quraşdırılmışdır. İlk olaraq onlardan 15-də sınaq işləri aparılmışdır. Qurğular saatda 25 kubmetrdən 120 kubmetrədək qar püskürmək qabiliyyətinə malikdir.
Təcrübədən keçirilən 15 mobil süni qar qurğusu gecələr işləməklə yerdə sürüşmək üçün 20 santimetr qar əmələ gətirəcəkdir. Ərazidə payız-qış aylarında mütəmadi sürətdə təbii qar yağdığını nəzərə alsaq, deməli qarın qalınlığı daha artıq olacaqdır.
Qusar rayonunda, Şahdağın ətəklərində salınan qış-yay turizm kompleksi həm təyinatına, həm də nadir layihə strukturuna görə xüsusi əhəmiyyətə malikdir. Hazırda burada işlərin birinci mərhələsi 50 faizədək icra olunmuşdur. Layihə Avstriya, İsveç, Türkiyə, ABŞ, İtaliya və Birləşmiş Ərəb Əmirliklərinin ən qabaqcıl şirkətləri tərəfindən icra olunur. Bu ilin martında qış-yay turizm kompleksində ilk pilot xizək eniş xəttinin sınaqdan keçirilməsi, 2011-2012-ci ilin qış mövsümündə isə daha 4 xizək eniş xəttinin istismara verilməsi nəzərdə tutulmuşdur.