İQTİSADİYYAT


“Şahdəniz-2” yatağında 15 quyu qazılıb

Bakı, 13 fevral, AZƏRTAC 

“Şahdəniz-2” yatağında indiyədək 15 quyu qazılıb.

Bu barədə AZƏRTAC-a “BP Azerbaijan” şirkətindən bildirilib. Məlumata görə, 2018-ci ildə “Şahdəniz Alfa” platformasında “SDA11” quyusu qazılıb və tamamlanıb. Bundan əlavə, “SDA04” və “SDA05” quyularında texniki bütövlüklə bağlı bəzi qazma əməliyyatları da aparılıb.

“İstiqlal” qazma qurğusu 5 sualtı quyunu tamamlayıb: 2-si qərb cinahda, 3-ü isə şərq cinahda. “Maersk Explorer” qurğusu “SDH02A” quyusunu tam dərinliyədək qazıb.

Bu iki qurğu “Şahdəniz-2” hasilatı və sonrakı tədrici artım üçün artıq 15 quyu qazıb, bunlardan yatağın şimal cinahında 4 quyu, qərb cinahında 4 quyu və şərq cinahında 3 quyu tamamlanıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.

Ötən ilin əvvəlində Cənub Qaz Dəhlizi boyunca bütün layihələrdə əldə edilmiş bir sıra mühüm istismar sınaqları və təhvilvermə nailiyyətlərindən sonra mayın 29-da Səngəçal terminalında “Cənub Qaz Dəhlizi” layihəsinin rəsmi açılış mərasimi keçirilib. Bunun ardınca iyunun 30-da “Şahdəniz-2” layihəsindən Türkiyəyə ilk kommersiya məqsədli daşımalar plana uyğun şəkildə başlayıb.

İyulun 30-da yatağın şimal cinahındakı “SDC03Z” quyusunun ventili açılaraq “Şahdəniz Bravo” platformasından ilk qaz əldə olunub. Bu da ümumilikdə Xəzər dənizində sualtı quyudan çıxarılan ilk hasilat olmaqla, eləcə də təhlükəsiz, büdcədən aşağı və cədvəli qabaqlayaraq həyata keçirilməklə çox mühüm bir nailiyyətdir. Hazırda “Şahdəniz Bravo” qurğularından qaz və kondensat Səngəçal terminalına ixrac olunmaqdadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.