İQTİSADİYYAT
“Şahdəniz-2” yatağında 20 quyu qazılıb
Bakı, 16 noyabr, AZƏRTAC
Üçüncü rübdə “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.
“BP Azerbaijan” şirkətindən AZƏRTAC-a bildirilib ki, “İstiqlal” qazma qurğusu “SDC05” quyusunu tam dərinliyinədək qazıb və quyu konservasiya olunub. “Maersk Explorer” qurğusu “SDF04” quyusunu tam dərinliyinədək qazıb və quyu konservasiya olunub. Bu qurğu, həmçinin “SDF05” quyusunun üst və alt hissələrini qazıb.
Bu iki qurğu “Şahdəniz-2” hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 20 quyu qazıb və bunlardan 16-sını tamamlayıb - yatağın şimal cinahında 4 quyu, qərb cinahında 4 quyu, şərq-cənub cinahında 4 quyu, qərb cinahın cənub hissəsində 2 quyu, şərq cinahının şimal hissəsində 2 quyu tamamlanıb.
Qərb cinahının cənub hissəsində 2 quyu tam dərinliyədək qazılıb və konservasiya olunub. Qazma işləri hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.