İQTİSADİYYAT
“Şahdəniz-2”dən 21 quyu qazılıb və onlardan 17-si tamamlanıb
Bakı, 29 aprel, AZƏRTAC
Cari ilin ilk rübündə “Şahdəniz-2” layihəsi dərinsulu şərq-cənub cinahından (suyun 540 metr dərinliyində) ikinci rübə planlaşdırılmış qaz hasilatının başlanması üzrə bir sıra mühüm işləri başa çatdırmağa nail olub. Hasilatın başlanması hazırda cədvəl üzrə uğurla davam edən dənizdə quraşdırma və istismar sınaqları bitdikdən sonra nəzərdə tutulur.
Bu barədə AZƏRTAC-a “BP Azerbaijan” şirkətindən bildirilib. Məlumata görə, üç ayda “Şahdəniz Alfa” platformasından quyu qazılmayıb, bu müddət ərzində platformanın qazma qurğusunda profilaktik işlər aparılıb.
“İstiqlal” qazma qurğusu “SDF03” quyusunda sualtı tamamlama işlərini bitirib və “SDF04” quyusunda tamamlama işlərinə başlayıb. “Maersk Explorer” qurğusu “SDH03” quyusunun alt hissəsini tam dərinliyinədək qazıb və quyu konservasiya olunub.
Bu iki qurğu “Şahdəniz-2” hasilatı və sonrakı tədrici artım üçün artıq ümumilikdə 21 quyu qazıb və bunlardan 17-sini tamamlayıb - yatağın şimal cinahında 4 quyu, qərb cinahında 4 quyu, şərq-cənub cinahında 4 quyu, qərb cinahın cənub hissəsində 3 quyu, şərq cinahın şimal hissəsində 2 quyu tamamlanıb, qərb cinahın cənub hissəsində 2 quyu, şimal cinahda 1 quyu, şərq cinahın şimal hissəsində 1 quyu tam dərinliyədək qazılıb və konservasiya olunub. Qazma işləri hasilatın planlaşdırılan ən yüksək sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların qazılması istiqamətində davam edəcək.