İQTİSADİYYAT
“Şahdəniz”dən 9 ayda 13,3 milyard kubmetr təbii qaz çıxarılıb
Bakı, 16 noyabr, AZƏRTAC
Yanvar-sentyabr aylarında “Şahdəniz” yatağından - “Şahdəniz Alfa” və “Şahdəniz Bravo” platformalarından birgə 13,3 milyard standart kubmetr qaz və təqribən 2,7 milyon ton (21,6 milyon barrel) kondensat hasil edilib.
Bu barədə AZƏRTAC-a “BP Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilib ki, mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü hazırda gündəlik 56 milyon standart kubmetr və ya ildə təqribən 20 milyard kubmetrdir.
Üçüncü rübdə “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (“GOGC” şirkətinə) və Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qazın çatdırılması davam edib.
Doqquz ayda “Şahdəniz” üzrə fəaliyyətlərə 620 milyon dollaradək əməliyyat və 719 milyon dollar əsaslı xərclər sərf edilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aid olub.
“Şahdəniz”də iştirak payları belədir: BP (operator) 28,8 faiz, “AzŞD” 10 faiz, “SGC Upstream” 6,7 faiz, “Petronas” 15,5 faiz, “LUKoil” 10 faiz, “NICO” 10 faiz və “TPAO” 19 faiz.