İQTİSADİYYAT


“Şahdəniz”dən bu vaxtadək 97 milyard kubmetr təbii qaz çıxarılıb

Bakı, 21 noyabr, AZƏRTAC

İndiyədək Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından 97 milyard kubmetr təbii qaz hasil edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkəti məlumat yayıb. Bildirilir ki, “Şahdəniz”dən hasilat başlanandan bəri ümumi hasilat qaz üçün 97 milyard standart kubmetrə və kondensat üçün 24 milyon tona çatıb.

Qeyd edək ki, cari ilin doqquz ayında “Şahdəniz” üzrə fəaliyyətlərə 418 milyon dollardan çox əməliyyat və təqribən 1,14 milyard dollar əsaslı xərclər çəkilib. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz-2” layihəsinə aiddir. Üç rübdə “Şahdəniz” yatağından Azərbaycan (SOCAR-a), Gürcüstan (“GOGC” şirkətinə), Türkiyə (“Botaş” şirkətinə) bazarlarına və çoxsaylı obyektlər üçün BTC şirkətinə qaz çatdırması davam edib.

Yanvar-sentyabr aylarında yataqdan 8 milyard standart kubmetr qaz və 1,8 milyon ton (təqribən 14,3 milyon barrel) kondensat hasil edilib. Mövcud “Şahdəniz” qurğularının hasilat gücü hazırda gündəlik 43 milyon (ildə təqribən 16 milyard) standart kubmetrdir.

“Şahdəniz”də iştirak payları belədir: BP (operator – 28,8 faiz), TPAO (19 faiz), AzŞD (10 faiz), Cənub Qaz Dəhlizi Apstrim (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKoil” (10 faiz), “NICO” (10 faiz).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.