İQTİSADİYYAT
Sahib Məmmədov: Biznes-inkubatorların dəstəklənməsi Azərbaycanda sahibkarlığın inkişafına öz töhfəsini verəcək
Bakı, 14 noyabr, Elvira Məmmədova, AZƏRTAC
Biznes-inkubatorların dəstəklənməsi Azərbaycanda sahibkarlığın inkişafına öz töhfəsini verəcək. Xüsusilə təşəbbüskar, ideyası olan gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunması, onların peşəkar sahibkar kimi formalaşması ölkədə həyata keçirilən uğurlu gənclər siyasətinə müsbət təsir göstərəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov jurnalistlərə müsahibəsində deyib
Nazir müavini qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə ölkədə biznes-inkubatorların, startap layihələrinin dəstəklənməsi, eyni zamanda, sahibkar düşüncə tərzinin inkişaf etdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Bu məqsədlə İqtisadiyyat Nazirliyi tərəfindən Azərbaycanda biznes-inkubatorların fəaliyyətinin genişləndirilməsi və dəstəklənməsi, xüsusilə gənclərin bu prosesə cəlb olunması istiqamətində silsilə tədbirlər həyata keçirilir və Quba-Xaçmaz iqtisadi rayonu üzrə Xaçmazda, Aran iqtisadi rayonu üzrə Yevlaxda biznes-inkubatorların regional mərkəzləri yaradılıb. Quba-Xaçmaz iqtisadi rayonu üzrə yaradılmış biznes-inkubatorun 21 iştirakçısı artıq inkubatorluq mərhələsini keçib. Onlar 2 il müddətində müxtəlif sahələrdə fəaliyyət göstərib, təcrübə qazanıblar. Aran iqtisadi rayonu üzrə də 21 nəfər rezident seçilib və hazırda onlarla iş aparılır.