SİYASƏT
Sahibə Qafarova: Azərbaycanın “Asiyanın Qəlbi - İstanbul Prosesi”ndə fəal iştirakı yüksək qiymətləndirilir
Bakı, 2 dekabr, Əsəd Məmmədov, AZƏRTAC
Azərbaycan 2012-ci ildə “Asiyanın Qəlbi - İstanbul Prosesi”nə qoşulub və ötən 5 ildə regionda sülh və təhlükəsizliyin təşviq olunmasına əsaslı töhfələr verib. Eyni zamanda, Əfqanıstanda sülh və sabitliyin, iqtisadi inkişafın əldə olunmasına xidmət edən bu çoxtərəfli əməkdaşlıq platformasında Azərbaycanın fəal iştirakı tərəfdaş dövlətlər tərəfindən yüksək qiymətləndirilir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarova deyib.
“Paytaxt Bakının “Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində “Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar” mövzusunda 7-ci nazirlər konfransına yüksək səviyyədə ev sahibliyi etməsi, tədbirdə Azərbaycanın ünvanına səslənən xoş fikirlər bir daha Azərbaycanın bu Prosesdə iştirakının əhəmiyyətini, beynəlxalq sülh və təhlükəsizliyin, dialoqun gücləndirilməsi ilə bağlı ölkəmizin fəal mövqeyini sübut etdi”, - deyə Milli Məclisin deputatı vurğulayıb.
Sahibə Qafarova qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev konfransdakı nitqində bir çox mühüm məsələləri yenidən gündəmə gətirərək beynəlxalq əməkdaşlığın əhəmiyyətini, dünyada sülh və təhlükəsizliyin təmin olunmasının yollarını açıq şəkildə diqqətə çatdırdı. Dövlətimizin başçısı beynəlxalq hüququn norma və prinsiplərinə hörmət və riayət edilməsinin, xüsusilə suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının, suveren bərabərliyə hörmət və daxili işlərə qarışmamanın regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində təməl olduğunu ifadə etdi. Bu da təsadüfi deyil. Məlumdur ki, hazırda bir çox ölkələr və xalqlar terrorizmin və separatçılığın yaratdığı ciddi təhdidlərlə üz-üzədir. Ona görə də bu təhlükənin aradan qaldırılması üçün, terrorizm, radikal ekstremizm və separatizmin bütün forma və təzahürlərindən qaynaqlanan təhlükəsizlik təhdidləri ilə mübarizədə dünya ictimaiyyətinin birgə səylərinə, çox geniş formatlı beynəlxalq əməkdaşlığın gücləndirilməsinə ciddi şəkildə ehtiyac var. Bakıda keçirilən konfransda bu məsələlərin yenidən gündəmə gəlməsi, bununla bağlı ciddi mesajların ünvanlanması xüsusilə əlamətdardır.
Prezident İlham Əliyev nitqində diqqəti yenidən Ermənistanın işğalçılıq siyasətinə çəkərək açıq şəkildə bəyan etdi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq, BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll olunmalıdır. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilməlidir. Azərbaycanın bu münaqişənin həllində tutduğu mövqe beynəlxalq hüquqa, tarixi ədalətə söykənir. “Dövlətimizin başçısının bütün nitq və çıxışlarında Azərbaycan həqiqətlərini, Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirməsi, ölkəmizin haqlı mövqeyini ciddi şəkildə müdafiə etməsi həm də o gerçəkliyi ifadə edir ki, Azərbaycanın mövqeyi ardıcıldır, dönməzdir və ölkəmiz qətiyyətli mövqeyindən bir addım da geri çəkilməyəcək”, - deyə sahibə Qafarova qeyd edib.