SİYASƏT


Sahibə Qafarova: Paşinyan yenə də beynəlxalq ictimaiyyətin gözü önündə aciz vəziyyətə düşdü

Bakı, 19 iyun, AZƏRTAC 

Milli Məclisin Sədri Sahibə Qafarova parlamentin bugünkü iclasında iyunun 18-də Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında keçirilmiş Sammitindən danışıb.

AZƏRTAC xəbər verir ki, Sədr Avropa İttifaqı ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan ilə Avropa İttifaqının 9 üzv ölkəsi arasında strateji tərəfdaşlıq haqqında sənəd imzalanıb. “Prezident İlham Əliyev sammitdə vurğuladı ki, biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişinə dair danışıqların yekun mərhələsindəyik, mətnin 90 faizi artıq razılaşdırılıb. Ona görə də belə bir mərhələdə sammitin keçirilməsi Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin gələcək inkişafı baxımından çox əhəmiyyətlidir,” – deyə sədr bildirib.

Sahibə Qafarova Azərbaycan Prezidentinin sammitdə növbəti dəfə işğalçı Ermənistanın baş nazirini ifşa etdiyini vurğulayıb. Əlavə edib ki, dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli barədə ölkəmizin qəti və ədalətli mövqeyini bir daha beynəlxalq ictimaiyyətə çatdırdı. Prezident Ermənistan hakimiyyətinin danışıqları pozmaq cəhdlərini açıq şəkildə ifşa edərək dedi ki, Ermənistan beynəlxalq təşkilatlar tərəfindən münaqişəyə dair qəbul edilmiş müvafiq sənədlərə əməl etmir və işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Ermənistan danışıqların mahiyyətini və formatını məhv etməyə çalışır. Prezident İlham Əliyevin səsləndirdiyi təkzibedilməz faktlar və dəlillər qarşısında Ermənistanın baş naziri yenə də beynəlxalq ictimaiyyətin gözü önündə aciz vəziyyətə düşdü. Dövlətimizin başçısının irqçilik və terrorizmlə bağlı məsələlər ətrafında müzakirə gedəndə “ona sakit oturmağı tövsiyə edərdim” deməsi həm də Ermənistanın işğalçılıq siyasətinin, terrorizmi dəstəkləməsinin ifşası oldu. Nikol Paşinyan isə daha bir beynəlxalq səviyyəli tədbirdə Azərbaycan Prezidentinin tarixi həqiqətə əsaslanan faktları qarşısında heç bir cavab verə bilmədi. Bunu işğalçı dövlətin aldığı növbəti diplomatik zərbə kimi dəyərləndirmək olar.

Milli Məclisin Sədri bildirib ki, hələ ötən ilin oktyabr ayında Soçi şəhərində "Valday" Diskussiya Klubunun toplantısında, daha sonra Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının iclasında, bu ilin fevral ayında isə Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən müzakirələrdə dövlətimizin başçısı öz zəngin biliyi və cəsarəti ilə işğalçı ölkəni ifşa etmişdi. Azərbaycan Prezidenti bir daha sübut etdi ki, ölkəmizin maraqlarını, ədalətli mövqeyini bütün platformalarda ən yüksək səviyyədə və cəsarətlə müdafiə edir. Bu, Milli Məclisin deputatları olaraq hər birimiz üçün bir örnəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.