SİYASƏT


Sahibə Qafarova: Türkiyədə prezident və parlament seçkiləri beynəlxalq standartlara tam uyğun, demokratik keçirilib

Strasburq, 8 oktyabr, AZƏRTAC

Türkiyədə prezident və parlament seçkiləri beynəlxalq standartlara tam uyğun və demokratik şəraitdə keçirilib. Seçkiləri müşahidə edən yerli və beynəlxalq müşahidəçilərin hesabat və rəylərində də seçkilərin şəffaf və obyektiv keçməsi üçün lazımi şəraitin yaradıldığı açıq şəkildə qeyd olunub.

Bu fikirləri Avropa Şurası Parlament Assambleyasının payız sessiyası çərçivəsində keçirilən müzakirələrdə çıxışı zamanı Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü, Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Sahibə Qafarova deyib.

Sahibə Qafarova qeyd edib ki, seçkilər beynəlxalq standartlara və müvafiq qanunvericiliyə uyğun şəkildə hazırlanmış, ölkənin bütün vətəndaşlarının səsvermə hüququndan istifadə edə bilməsi üçün lazımi tədbirlər görülmüşdü. Beynəlxalq müşahidəçilər seçki prosesini sərbəst şəkildə müşahidə edə biliblər. Bütün namizədlər üçün bərabər rəqabət şəraiti yaradılmışdı və hər bir namizəd öz seçki kampaniyasını həyata keçirmək üçün eyni hüquqlara sahib olub. Namizədlərin seçki kampaniyaları ölkənin seçki qanunvericiliyi çərçivəsində icra edilib. Səsvermə prosesi də şəffaf şəkildə təyin olunmuş şəxslər tərəfindən aparılıb və tam qanuni şəkildə elan olunub. Mühüm məqamlardan biri də seçkilərin nəticələrinin elan olunmasından sonra prosesə qatılmış namizədlərin seçkilərin nəticələrini tanıması və qalib gəlmiş namizədi təbrik etməsi olub. Bu və sadalanan digər bütün faktlar bir daha seçkilərin tam demokratik, ədalətli və beynəlxalq norma və prinsiplərə uyğun keçirildiyini təsdiqləyir.

Deputat prezident seçkilərinin demokratik keçirilməsi ilə yanaşı, onun nəticələrinin Türkiyə dövlətinin qarşıdakı illərdə inkişafına və regionda, həmçinin daha böyük coğrafiyada cərəyan edəcək hadisələrə gözlənilən təsirləri baxımından da mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.

Sahibə Qafarova Türkiyədəki sonuncu seçkiləri ölkənin inkişafı aspektində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirib. Bildirib ki, Türkiyə iqtisadiyyatının inkişafı, iqtisadi əlaqələrin, ticarətin genişlənməsi Türkiyənin Avropa İttifaqı ölkələri ilə münasibətlərinin daha da yaxınlaşmasına müsbət töhfələr verir. Həmçinin Türkiyədə demokratik təsisatların, vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin mövcud inkişaf səviyyəsi qənaətbəxşdir. Dövlət siyasətinin həyata keçirilməsində ardıcıllığın təmin olunması isə bu müsbət tendensiyaların davam edəcəyini göstərir.

“Əlbəttə, bizim üçün güclü, daha təhlükəsiz və iqtisadi imkanları genişlənən, Avropa təsisatları ilə əlaqələrin inkişafına önəm verən Türkiyə dövlətinin mövcudluğu olduqca əhəmiyyətlidir. Çünki Türkiyə təkcə yerləşdiyi regionda deyil, ümumi Avropa üçün strateji əhəmiyyətə malikdir. Türkiyə hazırda beynəlxalq təhlükəsizliyin təmin olunması və sülhə dəstək verilməsində, inteqrasiya proseslərinin möhkəmlənməsində mühüm rola malikdir. Təbii ki, Türkiyənin regionda daha fəal olması barışa, iqtisadi inkişafa yeni təkan verəcək. O cümlədən regionda separatizmə və terrorçuluğa qarşı mübarizədə Türkiyənin rolu inkarolunmazdır. Ona görə də mən hesab edirəm ki, avqust seçkilərini dəyərləndirərkən sadaladığımız bütün nüanslar nəzərə alınmalıdır”, - deyə Azərbaycan nümayəndə heyətinin üzvü bildirib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.