SİYASƏT


Sahibə Qafarova: Zatulin ermənipərəst fəaliyyətə o qədər aludə olub ki, hətta öz ölkəsinin maraqlarına qarşı çıxır

Bakı, 5 oktyabr, Təhminə Hümbətova, AZƏRTAC

Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və ölkəmizin xarici siyasəti ilə bağlı səsləndirdiyi qərəzli və ermənilərin maraqlarına xidmət edən fikirlərini qətiyyətlə pisləyir və qəbulolunmaz hesab edirəm.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sahibə Qafarova deyib.

K.Zatulinin bu mövqeyinin Rusiyanın rəsmi mövqeyi ilə üst-üstə düşmədiyini bildirən Milli Məclisin deputatı bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə vasitəçilik edən üç dövlətdən biri kimi, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində ədalətli həllinə səy göstərir. Sahibə Qafarova xatırladıb ki, bu, K.Zatulinin ermənipərəst mövqeyini ifadə edən ilk fikirlər deyil. O, həmişə öz bəyanatlarında, mətbuata açıqlamalarında tarixi gerçəklikləri, hüquqi məsələləri məqsədli şəkildə təhrif edir, bu zaman ermənilərin maraqlarından çıxış edərək onların mövqeyini açıq şəkildə müdafiə edir. Dəfələrlə Ermənistanın işğal siyasətinə bəraət qazandıran hərəkətləri ilə Azərbaycan ictimaiyyətinin haqlı qınaq və narazılığına səbəb olub. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış terrorçu rejimin 2010-cu ildə “seçki şousu”nu müşahidə edənlər sırasında Zatulinin də olması onun fəaliyyətinin məqsədini açıq şəkildə ortaya qoyan daha bir faktdır. O, erməni diasporundan aldığı sifarişi yerinə yetirərək işğal faktını legitimləşdirmək üçün səy göstərir. Digər bir nüans isə ondan ibarətdir ki, bir çox siyasi dairələr tərəfindən təxribatçı kimi tanınan K.Zatulin həmişə etnik zəmində qarşıdurmaları qızışdırmaq, qondarma, separatçı rejimlərə dəstək verməklə məşğul olub və bu fəaliyyətinə görə bəzi dövlətlər tərəfindən persona-non-qrata elan olunub. Zatulin ermənipərəst fəaliyyətə o qədər aludə olub ki, bu zaman o, hətta öz ölkəsinin maraqlarına belə qarşı çıxır.

Sahibə Qafarovanın sözlərinə görə, bu bəyanat bir daha o əminliyi yaradır ki, erməni diasporunun imkanlarından bəhrələnən, ermənilərin sifarişi və təlimatı əsasında fəaliyyət göstərən Zatulin və onun kimilərinin məqsədi Azərbaycanla Rusiya arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinə xələl yetirməkdir. “Amma Zatulinə xatırlatmaq istəyirəm ki, onun kimilərinin məqsədi nə olursa olsun, istər Rusiyanın dövlət başçısı və hökumət təmsilçiləri, istər Rusiya cəmiyyətində nüfuz sahibi olan ziyalılar və ictimaiyyət nümayəndələri Azərbaycan dövləti ilə əlaqələrin Moskva üçün nə qədər əhəmiyyətli olduğunun fərqindədir. Dəfələrlə bəyan edilib ki, Rusiya bu münasibətlərin daha da inkişafına səy göstərir. İndi hansısa bir siyasi təxribatçının, erməni diasporuna həmişə dəstək olan qeyri-ciddi “siyasətçi”nin bu münasibətləri hədəf alması heç bir nəticə verməyəcək”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.