“Sahibkar məktəbli” II respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb
AzerTAg.az
Bakı, 28 dekabr, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin dəstəyi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Sahibkar məktəbli” II respublika müsabiqəsinin final mərhələsi və qaliblərin mükafatlandırma mərasimi keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi uşaq və gənclərin biznes və sahibkarlıq bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsi, istedadlı məktəblilərin yaradıcı təşəbbüslərini həyata keçirmək üçün şəraitin yaradılması, gənc ixtiraçıların peşəkarlıq qabiliyyətlərinin təkmilləşdirilməsi, uşaq və gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi və perspektivli gənclərin aşkar edilməsindən ibarətdir.
Müsabiqəyə respublika üzrə fəaliyyət göstərən ümumtəhsil məktəblərindən ümumilikdə 103 iş təqdim edilib. Müraciət edən 204 nəfər arasında Bakı şəhərindən 74 nəfər, regionlardan 33 nəfər finala vəsiqə qazanıb.
Müsabiqə üçün biznes layihələr iki yaş qrupunda (10-13 yaş və 14-16 yaş) fərdi, həmçinin 3 və ya 5 nəfərdən ibarət komandalar şəklində internet sahibkarlığı (satış), sosial, ictimai sahədə sahibkarlıq, art marketinq üzrə sahibkarlıq, ekoloji təmiz məhsul üzrə sahibkarlıq, resursların təkrar emalı – yeni məhsulların dizaynı və istehsalı nominasiyaları üzrə təşkil olunub.
Finala vəsiqə qazanan 107 məktəbli arasından 26 qalib seçilərək diplom və qiymətli hədiyyələrlə təltif olunublar.



Xəbərin mətnində orfoqrafik səhv var