CƏMİYYƏT
Sahibkar qadınlar əsgərlərə sovqat aparıblar
Bakı, 29 iyul, AZƏRTAC
“NAIGin K Tovuz Baltiya” MMC-nin icraçı direktoru Günel Məmmədhəsənovanın təşəbbüsü ilə bir qrup sahibkar qadın Prezident İlham Əliyevin #BİZBİRLİKDƏĞÜCLÜYÜK çağırışına qoşularaq, iyulun 25-də Tovuz rayonunun N saylı hərbi hissəsinə su və əsgərlərimizə lazım olan bəzi əşyalar aparıblar.
Tovuz səfərindən danışan G.Məmmədhəsənova AZƏRTAC-a müsahibəsində deyib: “Üzərində Azərbaycan bayrağı dalğalanan 1 yük maşını və 4 qadın sahibkar Vətənimizin keşiyində duran övladlarımıza dəstək olmaq üçün yola düşdük. Bu aksiyada iştirak edən hər kəsə öz adımdan təşəkkürümü bildirirəm. Bu aksiyada bizə çoxları yardım etdi, polislər və hərbçilər maşını yükləməkdə bizə kömək etdilər. Əsgərlərimizlə görüşdük, bu görüşdən qürur duyduq. Vətən sevgisi, ölkənin 1 qarış torpağından keçməyəcəklərindən danışan bu gənclərin valideynləri qarşısında baş əyirik. Vətənimiz uğrunda şəhid olan zabit və əsgərlərimizin qanı yerdə qalmayacaq”.
Sahibkar qadınlarımız şəhadət kürsüsünə ucalan iki şəhid ailəsini də ziyarət ediblər. G.Məmmədhəsənovanın sözlərinə görə bu ailələrin evləri sərhədə yaxın olmağına baxmayaraq , dədə-baba yurdlarını tərk etmək fikrində olmadıqlarını lazım ğələrsə, ailəliklə döyüşə qatılacaqlarını söylədilər: “Təki Ali Baş Komandanımız əmr versin. Biz hər birimiz Ali Baş Komandanımızın yanındayig”.
“Hər iki şəhidin 25 yaşı tamam olmuşdu. Birinin 6 aylıq övladının, o birinin sevdiyi qızın gözləri yollarda qalıb. Əmin olsunlar ki, onların əzizlərinin qanları yerdə qalmayacaq. Bu gün ordumuz öz cəsarətini göstərdi. Düşmən susduruldu. Könüllülər ordusuna yazılanların ardı-arası kəsilmir. Dünya azərbaycanlıları bu illər ərzində ilk dəfə belə həmrəylik göstərirlər. Tovuz bir tarix yazdı. Həqiqətən də #BİZBİRLİKDƏĞÜCLÜYÜK”, - deyən G.Məmmədhəsənova bu aksiyada ona dəstək olan Azərbaycan Respublikasının Qadınlar Cəmiyyətinə, “Aqua Vita” MMC-yə, “Bolluq Şirniyyat” MMC-yə, “Gədəbəy İstisu” istirahət mərkəzinə, xaricdə yaşayan həmvətənimiz Billurə Bayramovaya , “166” və “178” daşınma xidməti servislərinə təşəkkürünü bildirib.