İQTİSADİYYAT
Sahibkar xanımlar üçün təcrübə klinikası təşkil edilib
Bakı, 6 fevral, AZƏRTAC
Təhsil sahəsində ixtisaslaşan “Education HUB”ın təşkilatçılığı, ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə baş tutan “Sosial sahibkarlıq laboratoriyası” proqramı çərçivəsində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasında (AQSİA) təcrübə klinikası təşkil olunub.
Assosiasiyadan AZƏRTAC-a bildirilib ki, təcrübə proqramında Bərdə, Mingəçevir, Ağdam və Yevlaxdan olan 15 gənc qadın AQSİA-nın fəaliyyəti, ölkədə qadın sahibkarlar üçün yaradılan imkanlar, qadınların təşkilatlanma məsələləri müzakirə edilib.
AQSİA-nın rəhbəri Səkinə Babayeva və assosiasiyanın komissiya rəhbərləri, Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova, “Organic Life” şirkətinin təsisçisi Günay Səfərova, “Karvan –L” MMC-nin icraçı direktoru Rəna Qəfərova biznes fəaliyyətlərinin ilk illərində üzləşdikləri çətinliklər və onların həlli yolları barədə öz təcrübələrini paylaşıblar.
Görüşdə iştirak edən “Ailə Biznesinə ASAN Dəstək” (ABAD) təşkilatının nümayəndəsi Turanə Hüseynova ABAD-ın ailə biznesinə dəstəyi haqqında məlumat verib və regionlardakı sahibkar qadınları bu proseslərdə fəal iştirak etməyə çağırıb.