İQTİSADİYYAT
Sahibkarla işçi arasında yaranmış əmək münasibətləri əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir
Bakı, 26 may, AZƏRTAC
Ötən il Əmək Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, əmək münasibətlərinin mülki-hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi Əmək Məcəlləsinin vəzifə və prinsiplərinə əlavə edilib.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin Sosial sığorta və əmək münasibətlərinə nəzarət idarəsinin rəisi Nigar Vahabzadə məlumat verib.
İdarə rəisi bu dəyişikliklərdə ən vacib və bu günə qədər mübahisə yaradan bir neçə məqama diqqət yetirməyi tövsiyə edib: “Tərəflər arasında münasibətlər müvafiq peşə və ya vəzifəyə qəbul (təyin) edilmə, o cümlədən ödənişli seçkili və ya təyinatlı, habelə müsabiqə əsasında vəzifə tutma, kvota üzrə işə düzəlmə, məhkəmənin qərarı ilə işə bərpa olunma ilə bağlı yaranırsa, bu zaman işçi ilə əmək müqaviləsi bağlanılmalıdır. Əgər şəxs işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunubsa, bu zaman da tərəflər arasında mülki-hüquqi müqavilənin bağlanılmasına yol verilmir. Göstərilən xidmətə görə ödənilən haqqın tərkibi Əmək Məcəlləsinin 157-ci maddəsinin 3-cü hissəsində qeyd edilmiş aylıq tarif (vəzifə) maaşından, əlavədən və mükafatdan ibarət olduqda əmək müqaviləsi bağlanılması mütləq sayılır”.
O, həmçinin qeyd edib ki, mülki-hüquqi müqavilələr müvəqqəti xarakterə malik olduğu zaman müqavilənin müddətinin uzadılması bu Məcəllənin 73-cü maddəsinə uyğun tənzimlənəndə yaranmış münasibətlər əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. Mülki-hüquqi müqavilələrdə tərəflərdən biri digər tərəf qarşısında əmək məzuniyyəti, təhsil məzuniyyəti, işdənçıxma müavinəti, istifadə olunmamış əmək məzuniyyətinə görə kompensasiya və digər öhdəlikləri öz üzərinə götürürsə, bu cür münasibətlər də əmək münasibətləri hesab olunur.
Nəzərə çatdırılıb ki, çox zaman sahibkar işəgötürənin üzərinə düşən vergi öhdəliklərini azaltmaq məqsədilə işçi ilə əmək müqaviləsi əvəzinə xidməti müqavilə bağlayır. Belə olan halda, həmin şəxs vergi orqanında vergi uçotuna durmağa məcbur olur və bu zaman o, artıq vergiödəyicisi kimi dövlət qarşısında öhdəliklərini (vergi, sosial ödənişlər, bəyannamələrin təqdim olunması, həmin bəyannamələri gecikdirdiyi zaman maliyyə sanksiyaları və cərimələrin ödənilməsi) yerinə yetirməyə borcludur. Dövlət Vergi Xidməti tərəfindən aparılan nəzarət tədbirləri zamanı bu cür hallar aşkar edildikdə sahibkara vergidən yayınma halı kimi müvafiq tədbirlər görülür. Bu baxımdan belə həssas məqamlar əmək və xidməti müqavilələrin bağlanması zamanı mütləq nəzərə alınmalıdır.
Bütövlükdə isə qanunvericilikdə edilmiş dəyişikliklər, biznesin fəaliyyətində “ağarma” proseslərinin sürət götürməsi, dövlət orqanları tərəfindən həyata keçirilən müvafiq tədbirlər əmək bazarında şəffaflaşmanın, əmək müqavilələrinin və əməkhaqqı fondunun “ağarması”nın davam edəcəyinə əminlik yaradır.