İQTİSADİYYAT
Sahibkarlar Konfederasiyası “TÜMKİAD”la memorandum imzalayıb
Bakı, 21 yanvar, AZƏRTAC
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) türkiyəli iş adamları ilə əməkdaşlıq edəcək.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda səfərdə olan “TÜMKİAD” İş adamları və Sahibkarlar Dərnəyinin nümayəndə heyətinin yanvarın 21-də ASK-nın nümayəndələri ilə görüşdə anlaşma memorandumu imzalanıb. ASK-nın vitse-prezidenti Vüqar Zeynalov və “TÜMKİAD” İdarə Heyətinin sədri İlhami Öztürkün imzaladığı sənəd türk iş adamları tərəfindən Azərbaycan torpaqlarına sərmayələrin yatırılması istiqamətində əməkdaşlığı nəzərdə tutur.
V.Zeynalov Türkiyə iş adamlarının təcrübəsinin öyrənilməsi, gələcək əməkdaşlığın çoxşaxəli inkişafı üçün iki ölkə arasında biznes forumların keçirilməsinin vacibliyini vurğulayıb.
Sonra Türkiyənin İş Adamları və Sahibkarlar Dərnəyinin nümayəndə heyətində təmsil olunan İlhami Öztürk, Müslim Birdal, Bülent Kızılgedik, Taner Şahin və başqaları çıxış edərək hər cür inkişafda və əməkdaşlıqda milli-mənəvi dəyərlərin qorunmasının vacibliyini qeyd ediblər.