İQTİSADİYYAT


Sahibkarlar Konfederasiyasında Ümumdünya Ticarət Təşkilatına üzvlüyə hazırlıq məsələləri müzakirə edilib

Bakı, 24 iyul, AZƏRTAC

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyə hazırlıq məsələləri müzakirə olunub.

ASK-dan AZƏRTAC-a bildirilib ki, Avropa İttifaqı (Aİ), “DMI Associates” konsorsiumu və “Ekvita Consulting” MMC-nin dəstəyi ilə Sahibkarlar Konfederasiyasında “Ümumdünya Ticarət Təşkilatına üzvlüyə hazırlıq, onun kənd təsərrüfatı və aqro-ərzaq zəncirinin iştirakçılarına faydası” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyasının, İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin əməkdaşları ilə yanaşı, ölkədə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin nümayəndələri iştirak edib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının baş katibinin müavini Fuad Hümbətov iştirakçılara ASK-nın fəaliyyəti haqqında məlumat verib. ÜTT-nin yaranma tarixindən danışan baş katibin müavini dünyanın əksər ölkələrinin bu təşkilata üzv olduğunu qeyd edib. ÜTT-nin əmtəə, xidmətlər və intellektual mülkiyyətlə beynəlxalq ticarəti tənzimləyən ən mühüm təşkilat olduğunu deyən F.Hümbətov Azərbaycanın bu quruma üzv olması istiqamətində danışıqların aparıldığını vurğulayıb.

İqtisadiyyat Nazirliyinin ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin əməkdaşı Firəngiz Əsədova layihə haqqında iştirakçılara məlumat verib.

“Layihənin əsas benefisiarı İqtisadiyyat Nazirliyidir. Layihənin əsas məqsədi daxili ticarət islahatları və Azərbaycanın ÜTT-yə üzvlük danışıqlarında dəstək göstərməkdir. Digər əsas komponent isə bu danışıqlarda dövlət və özəl sektorun birgə əməkdaşlığını gücləndirməkdir. Çünki ÜTT-yə üzv olduqdan sonra özəl sektor həm müsbət, həm də mənfi təsirlərə məruz qala bilər. Bu istiqamətdə biz çalışırıq ki, layihənin nümayəndələri və onların dəstəyi ilə özəl sektor, dövlət qurumlarının iştirakı ilə birgə əməkdaşlığı gücləndirək və dövlət sektorunun bu istiqamətdə biliklərini artıraq”, – deyə F.Əsədova vurğulayıb.

Avropa İttifaqının Azərbaycanı ÜTT-yə üzvlük danışıqlarında dəstəklədiyini deyən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin əməliyyatlar üzrə koordinatoru Ülviyyə Abdullayeva bildirib ki, bu məsələdə Aİ Azərbaycana dəstək verməkdə maraqlıdır.

“ÜTT həm də Avropa İttifaqı ilə Azərbaycan arasında olan münasibətlərin inkişafı baxımından önəm kəsb edir. Bildiyiniz kimi ötən il Azərbaycan Prezidenti İlham Əliyev Avropa İttifaqı və Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında yeni saziş üzərində danışıqların başlaması ilə bağlı Sərəncam imzalayıb. Bu, 1999-cu ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişini əvəzləyəcək. Ötən ilin fevral ayında bu istiqamətdə danışıqlara start verilib. Lakin sənədin ticarət, əsasən də ÜTT ilə bağlı olan hissəsində bəzi məsələlər tam həllini tapmayıb. Ticarətlə bağlı olan hissəsində bütün müddəalar ÜTT qaydalarına uyğun olmalıdır. Bir növ Avropa İttifaqı ilə Azərbaycan arasında yeni hərtərəfli sazişin imzalanması üçün ÜTT ilkin şərtə çevrilir. Bu baxımdan belə demək olarsa ÜTT-yə nə qədər yaxın olarıqsa, bir o qədər danışıqlar sürətlənər və yekunda Aİ ilə Azərbaycan arasında yeni saziş imzalanmış olar”, – deyə Ü.Abdullayevə bildirib.

O bildirib ki, keçmiş Sovet ölkələrində artıq Özbəkistan və Belarus da ÜTT-yə qoşulmaqda maraqlıdır və bu istiqamətdə danışıqlar aparırlar. Qeyd olunub ki, Azərbaycanın bu təşkilatın üzv olması nəticə etibarı ilə ölkənin davamlı iqtisadi inkişafına və əhalinin sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılmasına xidmət edir.

Kənd Təsərrüfatı Nazirliyinin dövlət dəstəyi şöbəsinin aparıcı məsləhətçisi Asif İsmayılov bildirib ki, danışıqlar prosesində ÜTT-nin ölkə iqtisadiyyatına o cümlədən kənd təsərrüfatına təsiri məsələləri, aqro-ərzaq zəncirinin faydalarının öyrənilməsi böyük əhəmiyyət kəsb edir.

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən bu layihə “ÜTT-yə üzvlük danışıqlarında İqtisadiyyat Nazirliyinin Ticarət Siyasəti və ÜTT Şöbəsinə dəstək və potensialın gücləndirilməsi” layihəsinin qrup rəhbəri Marius Bordalba layihənin məqsədləri və fəaliyyətləri barədə iştirakçılara geniş məlumat verib. Azərbaycanın ÜTT-yə üzvlüyü istiqamətdə həyata keçirilmiş tədbirləri və onların nəticələrini müsbət qiymətləndirən M.Bordalba bildirib ki, Azərbaycan ÜTT-yə üzv olduqdan sonra ixrac zamanı Azərbaycan şirkətləri ÜTT qaydalarının müdafiəsini əldə etmiş olacaq.

ÜTT-nin birinci fundamental prinsipinin ayrı-seçkiliyə qarşı dözümsüzlük olduğunu deyən M.Bordalba vurğulayıb ki, bu prinsipin tələblərinə görə heç bir üzv dövlət öz ərazisinə qanuni yolla idxal edilən hər hansı məhsula qarşı ayrı-seçkilik və ya düşmənçilik münasibəti göstərə bilməz. ÜTT-nin ikinci fundamental prinsipi olan “milli rejim” prinsipinə görə iştirakçı ölkələr, xarici və yerli malları eyni rejim altında yerləşdirməlidirlər. M.Bordalba əlavə edib ki üzv ölkələr qarşısında qoyulan digər bir tələb ticarət siyasətinin şəffaf olması ilə bağlıdır. O qeyd edib ki, ÜTT-nin bütün üzvləri üçün kənd təsərrüfatına aid olan qida məhsullarının idxalına görə tariflərə son hədd müəyyən olunub.

ÜTT qaydaları, qanunsuz subsidiyalara görə kompensasiya rüsumu, malların və xidmətlərin idxalı zamanı dempinqdən istifadə edənlərə qarşı isə antidempinq rüsumunun tətbiqini nəzərdə tutur. Vurğulanıb ki, ÜTT qaydaları üzvlərin ticarət tərəfdaşlarının maraqlarına zərər verə biləcək siyasətlərin istifadəsini məhdudlaşdırır. ÜTT-nin əsas məqsədi qeyri-tarif maneələrinin aradan qaldırılması yolu ilə beynəlxalq ticarəti liberallaşdırmaqdan ibarətdir. Çıxışçı qeyd edib ki, Azərbaycan ÜTT-də üzvlüyü seçməklə beynəlxalq ticarət imkanlarından yararlanaraq xarici yönümlü inkişaf strategiyasını seçib.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.