İQTİSADİYYAT


Sahibkarlar Konfederasiyasının Elm, Təhsil və Peşə Təlimi Müəssisələrilə İş Komissiyasının iclas olub

Bakı, 29 iyul, AZƏRTAC

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) tərkibində fəaliyyət göstərən Elm, Təhsil və Peşə Təlimi Müəssisələrilə İş Komissiyasının videokonfrans formatında iclası keçirilib.

ASK-dan AZƏRTAC-a bildirilib ki, iclasda təşkilati məsələlər həll edilib və növbəti iclasın gündəliyinin müəyyənləşdirilməsi məqsədilə müzakirələr aparılıb.

Konfederasiyanın vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, ASK 2001-ci ildən dövlətin sosial tərəfdaşıdır və hər iki ildən bir hökumətlə Baş Kollektiv Saziş imzalayır. Konfederasiya Azərbaycanda çalışan sahibkarların sözçüsü qismində onların maraqlarını müdafiə etmək, həmçinin iqtisadiyyatın inkişafı üçün biznes mühitinin əlverişliliyinin yüksəldilməsi istiqamətində aparılan islahatlara dəstək verir. Biznesin maraqlarını təmsil etmək məqsədilə ASK-ın tərkibində 14 sahəvi komissiya fəaliyyət göstərir. Elm, Təhsil və Peşə Təlimi Müəssisələrilə İş Komissiyasının hədəfi isə təhsil sektorundakı real vəziyyəti ümumiləşdirərək dövlətin qarşısında qaldırmaq, həmçinin Azərbaycanda sahibkarlığın təhsilə inteqrasiyası prosesini sürətləndirməyə töhfə verməkdir.

“Təklif edirik ki, kurs, diplom işlərinin mövzularının bir hissəsini sahibkarlar irəli sürsün. Təhsil müəssisələrində icad olunan yeniliklər sahibkarlara təqdim olunsun, həmçinin sahibkarlara lazım olan araşdırmaların aparılmasında müvafiq elmi müəssisələr iştirak etsinlər”, - deyə V.Zeynalov bildirib.

O, hazırda sahibkarları narahat edən problemlərə toxunub, ali təhsil məzunlarının kadr kimi sahibkarları qane etmədiyini və peşə təhsili sektorunda ciddi dönüş yaradılmasının vacibliyi qeyd edib. Bu və digər məsələlərlə bağlı komissiyanın işinin məhsuldar olacağını vurğulayan ASK-ın vitse-prezidenti komissiya sədri seçmək üçün təklifləri səsləndirib.

İclas iştirakçılarının təklif və səsverməsi yolu ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov komissiyanın sədri seçilib. Ə.Muradov göstərilən etimada görə təşəkkür edərək bildirib ki, universitet təhsilini real iqtisadiyyatın tələblərinə uyğunlaşdırmaq hazırda təhsil sisteminin ən vacib məsələsidir.

Bu komissiya real sektorla təhsil müəssisələri arasında körpü rolunu oynayacaq deyən Ə.Muradov tələbələrin təcrübə proqramları ilə bağlı bir neçə məsələni iştirakçıların diqqətinə çatdırıb.

“Azərsun Holdinq”in tərkibində fəaliyyət göstərən “Azərsun Akademiyası”nın rəhbəri Cəlal Eynullayev peşə təhsili məzunlarının təcrübə proqramları və peşə təliminin effektivliyini artırmaq üçün təkliflərini bildirib.

Qeyd edək ki, iclasda Azərbaycan Diplomatiya Akademiyasının prorektoru Fariz İsmayılzadə, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Elnur Nəsibov, Peşə Təhsili üzrə Dövlət Agentliyinin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri Zamin Bədirxanov, təhsil sahəsində tanınmış ekspertlər Zakir Əhmədov, Mənafəddin Namazov, sahibkarlar və ASK-ın icra aparatının əməkdaşları iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.