İQTİSADİYYAT


Sahibkarlar “Ticarətin maliyyələşdirilməsi” mövzusunda məlumatlandırılıb

Bakı, 6 noyabr, AZƏRTAC

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin və “PAŞA Bank”ın təşkilatçılığı ilə “Ticarətin maliyyələşdirilməsi” mövzusunda maarifləndirici seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində ticarətin maliyyələşdirilməsində maliyyə alətlərinin rolu, təchizat zəncirinin maliyyələşdirilməsi, invyosların və alış sifarişinin maliyyələşməsi məhsulu və işləmə mexanizmləri, ekspress faktorinq məhsulu, tenderdə qalib olduqdan sonra tələb olunan zəmanətlər (icra, avans, maliyyə vəsaitlərinin saxlama qarantiyası), akkreditivlər, ixrac fəaliyyəti üçün nəzərdə tutulan ənənəvi kreditlər və sair haqqında sahibkarlara məlumat verilib.

“Bir Pəncərə” İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə Azərbaycanda xarici ticarət subyektlərinin nəzərdə tutulan mexanizmlərdən istifadəsinin daha da genişlənəcəyini vurğulayıb: “Ticarət-maliyyə alətləri dünya ticarət əməliyyatlarında 80 faizə yaxın paya malikdir. İnkişaf etmiş və yeni sənayeləşən ölkələrdə geniş tətbiq edilən, ticarət-maliyyə alətlərinin ölkəmizdə istifadəsi nisbətən azdır. Statistikaya müvafiq olaraq, Azərbaycanda akkreditiv, faktorinq və qarantiya kimi alətlərin geniş yayılmasına ehtiyac vardır. Bu məqamları nəzərə alaraq biz insanlarımızı, ixracatçılarımızı xəbərdar edirik və bununla kifayətlənməyərək, detallı istifadəsi üçün maarifləndirici tədbirlər görürük.”

Seminarda “PAŞA Bank”ın nümayəndələri Nərmin İbadullayeva, Xanım Rüstəmova, Ülviyyə Nəbiyeva, Pərvin Səlimov və Azad Bağırzadə sahibkarlıq subyektlərinə ixrac-idxalı dəstəkləyəcək alətlər haqqında geniş məlumat veriblər.

Azərbaycanın aparıcı şirkətlərinin nümayəndələri, sahibkarlar təşkilatları tədbirdə fəal iştirak edib. Bildirilib ki, “PAŞA Bank” tərəfindən “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixracı həyata keçirən sahibkarlara xüsusi güzəştlər tətbiq olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.