İQTİSADİYYAT
Sahibkarlar əlaqələrini genişləndirir
Bakı, 20 oktyabr, AZƏRTAC
Azərbaycan Qazaxıstan ilə iqtisadi əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Ticarət və Sənaye Palatasının (ATSP) vitse-prezidenti Nazim Tatlıyev Bakıda keçirilən Azərbaycan-Qazaxıstan biznes forumunda çıxış edərkən səsləndirib.
N.Tatlıyev nəqliyyat sahəsində yeni layihələrin həyata keçirilməsi perspektivlərindən danışaraq xatırladıb ki, Azərbaycanda yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci növbəsi, habelə müasir gəmiqayırma zavodu işə salınıb. O deyib: “Bizim yaratdığımız infrastruktur ümumi işimizə böyük töhfələr verir, regionda əməkdaşlığı daha da genişləndirir. Bizim ölkələrin müxtəlif istiqamətlərdə malları çatdırmaq, habelə böyük yükdaşımalar üçün tranzit ölkə olmaq imkanları var”.
O, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsinin həyata keçirilməsi məsələsinə toxunaraq bildirib ki, bu dəmiryolu Asiyadan Avropaya sürətli daşımaları həyata keçirməyə imkan verəcək yeni “İpək yolu” olacaq.
Azərbaycan Ticarət və Sənaye Palatasının vitse-prezidenti ölkəmizdə yaradılmış əlverişli investisiya mühitindən də danışıb.
Qazaxıstanın İnvestisiya və İnkişaf Nazirliyinin “Kazneks İnvest” Milli Agentliyi Səhmdar Cəmiyyətinin müdiri Askar Arınov məlumat verib ki, dünya iqtisadi böhranı Qazaxıstanla Azərbaycan arasında ticarət əlaqələrinə təsir edib. Onun sözlərinə görə, əmtəə dövriyyəsi 50 faiz aşağı düşüb. Buna görə də qarşılıqlı ticarət həcminin artırılması üçün addımlar atılmalıdır. “Ümidvaram ki, Qazaxıstanın 18 şirkətinin təmsil olunduğu bu biznes forum iki ölkənin sahibkarları arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək”, - deyə A.Arınov vurğulayıb.
Biznes forum Azərbaycan və Qazaxıstan sahibkarları arasında ikitərəfli görüş formatında davam edib.