İQTİSADİYYAT


Sahibkarlara kapital bazarları vasitəsilə maliyyələşmə və investisiyalar mövzusunda seminar keçirilib

Bakı, 31 oktyabr, AZƏRTAC

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) birgə təşkilatçılığı ilə palatanın Təlim və Maarifləndirmə Mərkəzində "Kapital bazarları vasitəsilə maliyyələşmə, listinq və investisiyalar" mövzusunda seminar keçirilib.

MBNP-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 30-dan çox sahibkarın iştirak etdiyi tədbirdə Maliyyə Bazarlarına Nəzarət Palatasının, Bakı Fond Birjasının və investisiya şirkətinin əməkdaşları təqdimatlarla çıxış ediblər. Təqdimatlar "Kapital bazarları vasitəsilə maliyyələşmə", "Listinq məsləhət proqramı" və "Kapital bazarları və IPO-nun üstünlükləri" mövzularını əhatə edib.

Kapital bazarlarına həsr olunmuş çıxışda palatanın mütəxəssisləri tərəfindən qiymətli kağızlar bazarından vəsait cəlb etməyin yolları, səhm və istiqraz emissiyaları, fond birjasında listinqə çıxış, korporativ idarəetmə, eləcə də dövlət istiqrazları, onların gəlirliyi, həcmi, ticarəti və istiqrazlarının üstünlükləri barədə ətraflı məlumatlar verilib.

Seminarda, həmçinin "Listinq Məsləhət Proqramı" haqqında danışılıb. Qeyd edilib ki, şirkət və müəssisələrin kapital bazarları barədə məlumatsızlığının aradan qaldırılması üçün Bakı Fond Birjası tərəfindən "Listinq Məsləhət Proqramı" yaradılıb. Bu proqram çərçivəsində maliyyə bazarları vasitəsilə maliyyələşmək niyyətində olan, lakin bu bazar haqqında məlumatı olmayan şirkətlərə tam ödənişsiz əsaslarla peşəkar dəstək göstərilir.

"Kapital bazarları və IPO-nun üstünlükləri" mövzusu üzrə səhm emissiyası və kütləvi təklif üsulu ilə maliyyə vəsaitlərinin cəlb edilməsinin üstün cəhətləri və şirkətlərə yaratdığı imkanlar barədə sahibkarlara məlumat verilib.

Sonda MBNP, Bakı Fond Birjası və investisiya şirkətinin əməkdaşları sahibkarları maraqlandıran sualları cavablandırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.