İQTİSADİYYAT
Sahibkarların assosiasiyalara ödədiyi üzvlük haqlarının gəlirdən çıxılan xərclərə daxil edilməsi təklif olunub
Bakı, 6 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) “Kommersiya hüquqi şəxslərin və fərdi sahibkarların assosiasiyaları (ittifaqları) haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi müzakirə edilib.
ASK-dan AZƏRTAC-a bildiriblər ki, müzakirələrdə Azərbaycan Sahibkarlar Konfederasiyasının məsul şəxsləri ilə yanaşı, Auditorlar Palatası, Azad İstehlakçılar Birliyi, bir sıra assosiasiyaların rəhbərləri iştirak ediblər.
Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, “Kommersiya hüquqi şəxslərin və fərdi sahibkarların assosiasiyaları (ittifaqları) haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinin müzakirəsinə ehtiyac yaranıb, assosiasiya rəhbərlərinin təklifləri ASK üçün olduqca əhəmiyyətlidir. O qeyd edib ki, yanaşmalar fərqli ola bilər, hər hansı sistemliliyin olması isə təqdirəlayiq haldır.
ASK-nın hüquq və əmək münasibətləri şöbəsinin müdiri Xəqan Hümmətzadə qeyd edib ki, hazırlanmış qanun layihəsində sahəvi assosiasiyaların təmsilçilik kriteriyaları da öz əksini tapmalıdır. Belə ki, bu kriteriyalar yaradılacaq təşkilatların daha geniş üzvlük əhatəsinə malik olmasına və dayanıqlı mövcudluğuna səbəb olacaq.
Daha sonra assosiasiya rəhbərləri bir sıra təkliflər səsləndiriblər. Bildiriblər ki, fəaliyyətlər sahələrinə uyğun onlara səlahiyyətlər versələr daha səmərəli fəaliyyət göstərmiş olarlar. Hazırda mövcud olan sahəvi assosiasiyaların fəaliyyəti də nəzərə alınsın. Həmçinin sahibkarlar (hüquqi şəxs) tərəfindən assosiasiyalara ödənilən üzvlük haqlarının gəlirdən çıxılan xərclərə daxil edilməsi təklif olunub.
Müzakirələr davamlı xarakter daşıyacaq, təkliflər toplanaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə təqdim olunacaq.