İQTİSADİYYAT
Sahibkarlarla görüş olacaq

Bakı, 5 iyun, AZƏRTAC
İyunun 7-də İqtisadiyyat Nazirliyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə sahibkarlarla görüş keçiriləcək.
AZPROMO-dan AZƏRTAC-a verilən məlumata görə, Bakı KOB evində təşkil olunacaq görüş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 10 aprel tarixli 102 nömrəli Qərarı ilə “Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nda edilmiş dəyişikliklər, müvafiq gömrük prosedurundan istifadə icazəsinin alınması üçün müraciət edilməsi zamanı tələb olunan sənədlər, eləcə də ümumilikdə qaydalar barədə məlumatlandırma işlərinin aparılması, həmin prosedurdan istifadə edən şəxslərin dairəsinin genişləndirilməsi məqsədilə təşkil olunur.