İQTİSADİYYAT
Sahibkarlıq sahəsində 6 ay ərzində cəmi 58 yoxlama keçirilib
Bakı, 10 iyul, AZƏRTAC
Sahibkarlıq sahəsində 6 ay ərzində cəmi 58 yoxlama keçirilib, sahibkarlara dövlət xidmətlərinin göstərilməsi sahəsində şəffaflığın və operativliyin təmin olunması məqsədilə "Lisenziyalar və icazələr" portalı yaradılıb, artıq portal vasitəsilə 180-dən çox elektron lisenziya verilib.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.
Nazir qeyd edib ki, dövlət vəsaitlərinin səmərəli və qənaətlə istifadəsi, şəffaflıq və aşkarlıq əsasında rəqabət mühitinin yaradılması nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə açıq satınalma tenderlərinin sayı 54 faiz, müsabiqə yolu ilə satınalmaların məbləği 23 faiz artıb, müsabiqə əsasında satınalmalar zamanı ehtimal olunan qiymətlərlə müqayisədə 117 milyon manat dövlət vəsaitinə qənaət edilib.