Sahibkarlıq subyektlərinin əməkdaşlarına növbəti təlim keçirilib
AzerTAg.az
Bakı, 17 iyun, AZƏRTAC
Qida Təhlükəsizliyi İnstitutu qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin əməkdaşları üçün növbəti nəzəri-praktiki təlim “HACCP prinsipləri əsasında qida təhlükəsizliyinin təmin edilməsi” mövzusuna həsr olunub.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, təlim iştirakçılarına HACCP (Hazard Analysis and Critical Control Point - Təhlükələrin Analizi və Kritik Nəzarət Nöqtələri) sisteminin yaranması, inkişaf tarixi, prinsipləri və üstünlükləri haqda geniş məlumat verilib.
Qeyd edilib ki, HACCP qida təhlükəsizliyinin idarə edilməsi üçün mühüm əhəmiyyət kəsb edən, qida və yem məhsullarında təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemidir. Bu sistem qida təhlükəsizliyinin təmin olunması məqsədilə bütün mümkün təhlükə və risklərin qiymətləndirilib nəzarətə götürülməsini hədəfləyir və onu qida zəncirinin bütün mərhələlərində iştirak edən müəssisələrdə asanlıqla tətbiq etmək olar.
Daha sonra iştirakçılara “ISO 22000:2018 Qida Təhlükəsizliyi İdarəetmə Sistemi: Qida zəncirində iştirak edən müəssisələr üçün ümumi tələblər” və “ISO 22000 Standartının üstünlükləri, HACCP sistemi ilə ISO 22000:2018 arasındakı əlaqə” mövzuları ətraflı izah olunub.
İştirakçıların sualları cavablandırılıb və təlim iştirakçılarına sertifikatlar təqdim edilib.

Xəbərin mətnində orfoqrafik səhv var