CƏMİYYƏT
Sahil Babayev: “Köhnə çamadanlar” filmi müharibənin ağrı-acıları ilə bugünkü Zəfəri birləşdirir
Bakı, 13 may, AZƏRTAC
“Köhnə çamadanlar” filmi yaşadığımız tarixin tərənnümüdür. Azərbaycan Birinci Qarabağ müharibəsində yalnız ərazilərini itirmədi, eyni zamanda, çoxlu ləyaqətli oğul və qızlarını itirdi, şəhidlər verdi, yaralanan əsgərlər, əlilliyi olanlar, dağılan talelər oldu. Film həmin ağrı-acını, keçmiş irsi bugünkü Zəfərlə birləşdirir. Prezident, Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşən Azərbaycan Ordusu, Azərbaycan xalqı 44 günlük Zəfər tarixini yazdı və ölkəmizin ərazilərini işğaldan azad etməklə yanaşı, qırılmış taleləri dirçəltdi.
Bu sözləri Bakı Konqres Mərkəzində keçirilən “Köhnə çamadanlar” filminin qala gecəsində iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir filmin tamaşaçıda yaddaqalan təəssürat oyatdığını qeyd edərək bildirib: “Filmin ən önəmli istiqaməti və dəyəri ondan ibarətdir ki, burada əlilliyi olan Qarabağ döyüşçüləri aktyor kimi iştirak edir. Ekran əsərində Birinci və İkinci Qarabağ müharibələrinin iştirakçıları və müharibənin məhrumiyyətlərini görənlər var və həqiqətən tarixi salnamə xüsusiyyəti daşıyır. Filmin bütün yaradıcı heyətinə və əməyi keçən hər kəsə təşəkkür edir və hesab edirəm ki, gözəl bir incəsənət nümunəsi yaradılıb”.