CƏMİYYƏT
Sahil Babayev: Saxta sosial ödənişlərin qarşısının alınması nəticəsində 735 milyon manat vəsaitə qənaət edilib
Bakı, 5 avqust, AZƏRTAC
Dövlət Sosial Müdafiə Fondunun 2020-ci ilin birinci yarımilliyi üçün xərcləri 2 milyard 395 milyon manat proqnozlaşdırılmışdır. Ötən ilin analoji dövrü ilə müqayisədə 453 milyon manat və ya 24 faiz artım olub, xərclərin 98 faizi əhaliyə ödənişlərin payına düşüb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
“Əhaliyə ödənişlərin məbləği 2 milyard 296 milyon manat təşkil edib. Əmək pensiyalarının maliyyələşdirilməsi üçün sərf edilən vəsait 2019-cu ilin müvafiq dövrü üzrə faktiki xərclərə nisbətən 436 milyon manat və ya 24 faiz çox olub. Son 1 ildə 83 min nəfərə əmək pensiyaları və müavinətlər avtomatlaşdırılmış qaydada təyin edilib, - deyə Sahil Babayev vurğulayıb.
Nazir sosial müdafiə sahəsində xərclərin optimallaşdırılması, effektiv idarə olunması, şəffaflığın təmin edilməsi və əsassız xərclərin qarşısının alınması nəticəsində ciddi maliyyə qənaətlərinin əldə olunduğunu diqqətə çatdırıb. Bildirib ki, saxta sosial ödənişlərin qarşısının alınması nəticəsində 735 milyon manat vəsaitə qənaət edilib.
Sahil Babayev deyib: “Həyata keçirilən islahatlar çərçivəsində Fond tərəfindən 2019-cu ildə büdcəyə 320 milyon manat vəsait qaytarılmaqla yanaşı, Fondun fəaliyyət tarixində ilk dəfə olaraq 197 milyon manat həcmində maliyyə ehtiyatı formalaşdırılıb”.