CƏMİYYƏT
Sahil Babayev: Yeni Sərəncamın imzalanmasında məqsəd əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır
Bakı, 18 oktyabr, AZƏRTAC
Sosial ödənişlərlə bağlı imzalanan növbəti sərəncam Prezident İlham Əliyevin sosialyönümlü siyasətinin davamıdır. Bu Sərəncam ilə növbəti ilin büdcə layihəsində sosial ödənişlərin artırılmasına dair təkliflərin hazırlanması və həmin təkliflərin büdcə layihəsinə əlavə edilməsi tapşırılıb. Sərəncam ümumilikdə 1 milyon 800 min Azərbaycan vətəndaşını əhatə edəcək.
AZƏRTAC xəbər verir ki, bu fikirləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin oktyabrın 16-da imzaladığı "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncam barədə danışarkən deyib.
Nazir bildirib ki, onlardan 1 milyon nəfərə yaxını əməkhaqqı, təxminən 450 min nəfəri isə sosial müavinət alan vətəndaşlardır: "Sərəncamla, həmçinin tələbələrin də əhatə olunacağı planlaşdırılır. "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncam digər geniş sosial islahat paketləri kimi ciddi əhəmiyyətə malikdir. Sərəncamın imzalanmasında məqsəd, xüsusilə həssas qruplara aid olan vətəndaşların sosial rifahının qorunması, əməkhaqqı, sosial ödənişlər sistemində sosial konsepsiyaya uyğun olaraq əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasıdır".
Nazir, həmçinin qeyd edib ki, Sərəncama əsasən, hazırlanacaq yeni layihələr yaxın günlərdə Nazirlər Kabinetinə, Prezidentə, eyni zamanda büdcə layihəsi kimi Azərbaycan Respublikasının Milli Məclisinə təqdim ediləcək.